Foto 17:58 19.08.2018

Onun üçün İkinci Dünya Müharibəsi 1974-də bitdi (FOTOLAR)

Hiroo Onoda 19 mart 1922-ci ildə Yaponiyada doğulub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşı olanda o, "Çin Tajima Yoko" ticarət şirkətində çalışmağa başlayıb. 20 yaşında Yapon İmperatorluq Ordusuna qatılıb və burada "Nakano məktəbi"ndə "Futamata" xüsusi təyinatlılar sinfində kəşfiyyatçı zabit kimi təlim keçib.

26 dekabr 1944-cü ildə o, Amerika tərəfinə sızaraq, təxribatlar həyata keçirmək məqsədilə Filippinin Lubanq adasına göndərilib.

Komandiri Onodaya tapşırır verərkən deyib: "Əsla intihar etməyəcəksən. Bəlkə 3, bəlkə də 5 il sonra səni almağa gələcəyik. O vaxta qədər bir əsgərin qalmış olsa belə ona komandirlik etməyə davam et".
 
Yəni, heç bir vəchlə təslim olmaması və bir sözlə yeni əmr gələnə qədər başının çarəsinə baxması tapşırılmışdı.

Leytenant Onoda da bu əmri yerinə yetirir. Müharibə bitdikdən sonra daha 30 il mübarizə aparır. Bu müddət ərzində vaxtaşırı müharibənin bitmiş ola biləcəyi ilə bağlı məlumatlara rast gəlir. Çünki o dövrdə adalara Yaponiyanın təslim olduğuna dair kağızlar atılırdı. Həmin kağızların altında Yaponiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin imzası olurdu. Lakin Onoda hər dəfə bunun ABŞ təxribatı olduğunu düşünür və mübarizəsini davam etdirirdi.

"Son yapon vətəndaşı sağ qalana qədər Yaponiyanın təslim olmayacağına inanırdım. Buna görə hələ də yaşayan yapon qaldığından Yaponiyanın təslim olmadığını düşünürdüm", - deyə o, illər sonra danışacaqdı.

Onoda və dostlarını inandırmaq üçün adaya təyyarələrdən broşüralar atılırdı. "İtmiş" əsgərləri xilas etməyə gələn yapon qüvvələri də adadan ayrılarkən meşələrə yaponca qəzetlər atırdılar. Qəzet və broşüralarda Yaponiyanın dəyişilmiş hərbi vəziyyəti və beynəlxalq əlaqələri ilə bağlı məlumatlar olurdu.

Həqiqəti öyrəndikdən sonra Onoda vəziyyəti barədə bunları deyir: "Amerikalıların bizi aldatmaq üçün yaponca olan qəzetlərdəki materialları dəyişdirdiklərini, bizimsə onların bu planını puça çıxardığımızı düşünürdük".

1959-cu ilə qədər Onoda və yanında sağ qalan yeganə əsgər yoldaşı Kozuka beyinlərində formalaşdırdıqları bu fantaziyaya tamamilə inanmışdılar.

Onoda illər sonra bu vəziyyəti belə izah edir: "O vaxta qədər elə sabit fikrimiz var idi ki, bu fikri dəyişdirə biləcək heç bir məlumata inanmırdıq. Düşüncələrimizə zidd olan hər hansısa bir məlumata rast gələndə onu dərhal istədiyimiz şəkildə özümüzə şərh edirdik".

Beləcə bu şərtlər altında Onoda müharibəni davam etdirir, getdikcə azalan sursatını qoruyub saxlamağa çalışırdı. Sonda Onoda tək qalır və ortaya da çıxmadığı üçün 1959-cu ilin dekabrında Yaponiya hökuməti onu rəsmən ölü elan edir. Bu vəziyyətdən xəbərsiz olan leytenant Onoda yerinin aşkara çıxmaması üçün tez-tez mağara dəyişdirir, amerikalılarla əməkdaşlıq etdiyini düşündüyü yerli xalq və polislə savaşır, heyvan oğurlayır və əkin sahələrinə od vurur.

Adada olduğu müddətcə 30 çox insan öldürən, 100-dən çoxunu yaralayan Onodanı nə ABŞ əsgərləri, nə Filippin polisi, nə adadakı yerlilərin düşmənliyi, nə də yaponların dəfələrlə gələn axtarış qrupu yolundan döndərə bilmir.

Beləliklə illər keçir və 1974-cü ildə, adaya ayaq basdığı gündən tam 30 il sonra Lubanqa bir yapon tələbə gəlir. Norio Suzuki adlı tələbə Filippin, Malayziya, Sinqapur, Myanma, Nepal və bölgədəki digər ölkələrə səyahət etmək üçün ölkəsindən ayrılmışdı.

Qəzetlərdən itmiş əsgərlərlə bağlı xeyli məlumat oxumuş tələbə Hiro Onodanı qarşısında görəndə, onu özü ilə birgə Yaponiyaya aparmaq istəyir. Lakin Onoda silahını yerə qoyma əmrini yalnız komandiri mayor Yoşimi Taniquçidən alacağını söyləyərək, tələbənin təkidinə baxmayaraq onunla getməyi rədd edir.

Bundan sonra Yaponiyaya qayıdan Nario Suzuki artıq kitabxanaçılıqla məşğul olan keçmiş mayor Taniquçini taparaq və onu Filippinə gətirir.

Qarşısında 30 il öncəki komandirini görən Onoda bundan sonra Yaponiyanın məğlub olduğuna və müharibənin bitdiyinə inanır. Daha sonra onun əmri ilə hələ də işlək vəziyyətdə olan 99 marka tüfəngini, sursatını, uniformasını və qılıncını keçmiş komandirinə təslim edərək, 10 mart 1974-cü ildə İkinci Dünya Müharibəsini bitirir.
 
Çingiz Səfərli