Siyasət 16:42 07.05.2013

“Orada dialoq olmadı” - İqbal Ağazadə

Mayın 7-də Bakıda ATƏT-in təşkilatçılığı ilə müxalifət və iqtidar partiyalarının qapalı görüşü keçirilib.

Görüşdə ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soares iştirak edib. Görüşdən sonra ATƏT nümayəndəsi "Azadlıq" radiosuna açıqlama verib: “İlham Əliyev daxil olmaqla bütün görüşlərimiz missiyamızın yerinə yetirilməsi üçün vacib idi. Mən ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsiyəm. Görüşlər zamanı insan haqları, Dağlıq Qarabağ münaqişəsini və regionun bütün problemlərini müzakirə etdik. Görüşlər zamanı işimizə kömək edəcək xeyli məlumat topladıq. Biz səfərimizi Gürcüstan və Ermənistanda da davam etdirəcəyik”.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib ki, cənab Soares Azərbaycanı tanıyır: “Mən bildirdim ki, Azərbaycan cəmiyyəti demokratik cəmiyyətdir, Azərbaycanda seçki mühiti var. Bu gün Azərbaycan normal seçki keçirmək üçün bütün qaydalara əməl edir. Müxalifət partiyaları nümayəndələri ənənəvi tənqidi fikirlər səsləndirdilər”.

Ümid Partiyasının sədri İqbal Ağazadə Qaynar.info-ya görüşlə bağlı fikirlərini bölüşüb: “Ölkədəki vəziyyətlə, seçkilərlə bağlı mövqelərimiz dinlənildi. Qarşılıqlı fikir mübadiləsi aparıldı. Bunu deyə bilərəm”.

Partiya sədri “Bu görüş müxalifətlə iqtidar arasında dialoqun başlanğıcı ola bilərmi?” sualına belə cavab verib: “Xeyir, heç bir dialoqdan söhbət gedə bilməz. Orada dialoq olmadı axı”.

Qeyd edək, qapalı masa arxasında baş tutan görüşdə Müsavat başqanı ilə yanaşı, AXCP sədri Əli Kərimli, Ümid Partiyasının sədri İqbal Ağazadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və hakim Yeni Azərbaycan partiyasının icra katibinin müavini Mübariz Qurbanlı iştirak ediblər.

İlkin
Qaynar.info