Ordubad rayonunun Əndəmic kənd sakini Məmmədli Sahil Malik oğlu aldığı köhnə "UAZ" markalı avtomobilini cüzi vəsait xərcləyərək möhtəşəm şəkildə yığıb.

Qaynarinfo-ya açıqlama verən Sahil Məmmədli avtomobilin Ordubadda maraqla qarşılandığını bildirib. Özü də avtomobil təmiri sənətini öyrənən S.Məmmədli avtomobili ustası Mehdiyev Nüsrət Qüdrət oğlu ilə birgə yığdıqlarını deyib. 3 min manata alınan avtomobilin bu formada yığılmasına əlavə 3 min manat xərclənilib.

O, "UAZ"ın hazırkı rəngini əldə etmək üçün müxtəlif qarışımlardan istifadə etdiklərini və detalların hamısının original olduğunu söyləyib.

Hazırda avtomobili Sahilin atası Malik Məmmədov idarə edir və o, Ordubada gələn qonaqları, yaxud elə rayon sakinlərini dağ kəndlərinə səfərə aparır.

M.Məmmədov ucqar kəndlərə hər avtomobilin gedib çıxa bilmədiyini, bunun üçün qoşa diferli avtomobilə ehtiyac olduğunu qeyd edib.

M.Məmmədov daim böyük avtomobillər idarə etdiyini və bu şəkildə sürücülükdə də peşəkarlaşdığını bildirib. O, avtomobili daha da təkmilləşdirəcəklərini söyləyib.
 
Çingiz