Foto 12:48 04.11.2017

Beynəlxalq dərəcəli məşqçi və hakim orta məktəbdə müəllim işləyir (MÜSAHİBƏ)

Bakının Buzovna qəsəbəsində yerləşən 234 nömrəli məktəb Təhsil Nazirliyinin xətti ilə keçirilən əksər idman yarışlarında birincilik qazanır. Bu uğur formulunun sirrini öyrənmək üçün sözügedən məktəbə yollandıq. Məlum oldu ki, məktəbin idman müəllimi həm beynəlxalq dərəcəli məşqçi, həm də respublika dərəcəli voleybol hakimidir. 

Peşəkar məşqçi və hakim Rüstəm Cəfərovun "Qaynarinfo"ya müsahibəsini təqdim edirik:

- Beynəlxalq dərəcəli məşqçilər adətən hansısa klubda çalışırlar, siz nə üçün idman müəllimliyini seçdiniz?
- 2008-ci ildən bu məktəbdə müəllim vəzifəsində işləyirəm. Həm də bu məktəbin məzunu olmuşam deyə, müəllimlərə, kollektivə çox bələdəm. Hamısı yaxındırlar, doğmadırlar. Ona görə də bu məktəbi seçib, burada çalışmağa qərar verdim.
 
 
- Müəllim işlədiyiniz məktəb dəfələrlə yarışlarda qalib olub…
- Milli Olimpiya Komitəsi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə dəfələrlə məktəblərarası yarışlar keçirilib və məktəbimiz həmin yarışlarda birincilik qazanıb. Bundan başqa Xəzər rayonunda yerləşən 30-32 məktəb arasında keçirilən yarışlarda da 4-5 dəfədir ki, birincilik kuboku bizim məktəbə gəlir. Bu da onun göstəricisidir ki, idman müəllimlərimizin idmana olan marağı şagirdlərdə istər basketbola, istər voleybola, istərsə də idmanın digər sahələrinə həvəs yaradır, onlar da ruhdan düşmədən çalışır və yarışlarda qalib olurlar. 
 
- Bildiyimiz qədər həm də beynəlxalq yarışlarda hakimlik edirsiz...
- Bəli respublika dərəcəli hakiməm. Həm də bu yaxınlarda Beynəlxalq Voleybol Federasiyası, Milli Olimpia Komitəsinin və Azərbaycan Voleybol Federasiyasının birgə təşkil etdiyi məşqçilik seminarında 1-ci səviyyəni uğurla keçdiyimə görə beynəlxalq məşqçi statusuna layiq görüldüm. İnşallah gələcəkdə beynəlxalq dərəcəli hakim statusuna da nail olaram.
 


- Hansı yarışlarda hakimlik etmisiz?
- Mən 2004-cü ildən bu günə kimi Azərbaycanın voleybol üzrə istər qadınlar, istərsə də kişilər arasında keçirilən Super Liqa yarışlarında, həmçinin Bakıda keçirilən Çempionlar Liqasının finalında, "Baku-2015" I Avropa oyunlarında qrup mərhələsindən final oyunlarına qədər, ondan sonra IV İslam Həmrəylik Oyunlarında, bu yaxınlarda da, sentyabrın 20-dən oktyabrın 1-dək davam edən Voleybol üzrə qadınlar arası Avropa çempionatında da hakim kimi çıxış etmişəm. Sevindirici haldır ki, voleybola olan marağım, hakimlik təcrübəmə görə Azərbaycan Voleybol Federasiyasının mənə olan inamı nəticəsində hər zaman final oyunlarını idarə etmək nəsib olub. Şükür ki, bunun da öhdəsindən gəlmişəm. 
 
- Hakimlik və müəllimlik... Sizcə hansı daha çətindir?
- Hakimlik çətin peşədir. Çünki hər an diqqətin topda olmalıdır, topu izləməlisən ki, oyunçunun hər hansısa addımında nə etdiyini görə biləsən. Müəllimlik də ki, çox şərəfli və məsuliyyət istəyən peşədir. Deyərdim ki, onun məsuliyyəti elə hakimlik məsuliyyəti qədərdir, ona bərabərdir.
 


- Yuxarı siniflərdə idman dərslərinin axırıncı saatlara salınması şagirdlərin dərsdən yayınmalarına gətirib çıxarmır ki?
- Yox. Əksinə... Düzdür adətən X-XI siniflərdə dərs yükünün ağırlığını nəzərə alıb, idman dərslərini axırıncı saatlara salırlar. Amma bizim məktəbdə X-XI siniflər də vaxtlı-vaxtında, idman formasında dərslərə gəlirlər, müxtəlif oyunlar keçiririk. Bir sözlə, onların boş qalmalarına imkan vermirik. Yarışlarda da məktəbimizi təmsil edirlər.

- Dərsdən sonra nə ilə məşğul olursunuz?
- Bildiyiniz kimi voleybolda qaydalar gündən-günə dəyişir, yenilənir. Onları mütaliə edirəm, öyrənirəm. Ədəbiyyata marağım var. Boş vaxtlarımda bəzən Azərbaycan yazıçılarının əsərlərini oxuyuram. 
 


- Məşqçi kimi necə, hansısa voleybol komandanız varmı?
- Çoxları bu sualı verir ki, voleybol hakimisən, məşqçisən, voleybolun içərisində olan adamsan, nə üçün bir komanda yaratmırsan? Düzdü, məşqçi kimi çalışmağa böyük həvəsim var. Amma hələ ki, müəyyən səbəblərə görə gözləyirik. Federasiyadan icazə alınmalıdır, yəni federasiya klub səviyyəsində komanda yaratmağa icazə versə, bunu gerçəkləşdirəcəyik. 

- Bu il voleybol üzrə qadınlar arasında Avropa çempionatı keçirildi və millimiz 4-cü oldu. Sizcə bu necə göstəricidir?
- Azərbaycan millisi 12 il öncə 4-cü olmuşdu və 12 il sonra, bu il yenə 4-cü oldu. Deyərdim ki, ölkəmiz üçün bu, heç də pis nəticə deyil. Yaxşı nəticədir. Avropanın o qədər ölkəsi içərisində bu nəticəni göstərmək sevindirici haldır. İnanıram ki, 2018-ci ildə keçiriləcək Dünya çempionatında da qızlarımız uğurlu nəticə əldə edəcəklər.
 


- Gələcəkdə hansısa voleybol komandamıza məşqçi kimi dəvət alsanız bunu necə dəyərləndirərdiniz?
- Niyə də yox?! İstəyərdim. Ölkəmizə xidmət etmək üçün əlimdən gələni edərəm.

- Bəs voleybolumuzda sizcə hansı yeniliklərə ehtiyac var?
- Yeniliklərə hər zaman ehtiyac var. Komandamıza dünya voleybolunda imzasını atmış oyunçulardan transfer etmək olar ki, qızlarımız onlardan öyrənsinlər, təcrübələri daha da artsın. Düşünürəm ki, bu, millimiz üçün müsbət bir addım olar.

Çingiz Səfərli
Foto: Sultana Əhmədbəyli
Qaynarinfo.Az