Ölkə 18:05 06.05.2013

Orta məktəblərdə buraxılış imtahanlarının tarixləri açıqlanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəblərdə iyun ayında keçiriləcək buraxılış imtahanlarının tarixlərini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə əsasən, 2013-cü ildə 9-cu və 11-ci siniflər üçün buraxılış imtahanlarının xüsusi qrafik üzrə keçirilməsi nəzərdə tutulur.

İyunun 2-də Nərimanov, Səbail, Yasamal, Nəsimi, Nizami, Binəqədi, Sabunçu, Xətai, Suraxanı, Xəzər, Qaradağ, Sumqayıt, Abşeron rayonlarında buraxılış imtahanları keçiriləcək.

Bakı, Naxçıvan, Sumqayıt, Abşeron, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakəndə orta məktəblərin rus bölməsinin məzunları da iyunun 2-də imtahan verəcək.

İyunun 7-də Naxçıvan MR, İmişli, Ağcabədi, Ağdam, Saatlı, Sabirabad, Füzuli, Beyləqan, Xocavənd, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Salyan, Neftçala, Biləsuvarda, iyunun 12-də Yevlax, Bərdə, Tərtər, Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Zərdabda, iyunun 17-də Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Ağsu, Mingəçevir, Şirvan və Hacıqabulda buraxılış imtahanları təşkil olunacaq. İşğal olunmuş rayonların şagirdləri buraxılış imtahanlarını məskunlaşdıqları rayonlarda verəcəklər. 

Buraxılış imtahanlarında iştirak edəcək 9-cu sinif şagirdləri özləri ilə imtahana buraxılış vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin əsli və təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkillər yapışdırılmış arayış, 11-ci sinif şagirdləri isə imtahana buraxılış vərəqəsi və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidir.

Qaynar.info