Dünya 16:44 11.11.2017

Paradise Sənədləri: Sızmanın mərkəzində dayanan Appleby-lar kimdir?

Milyonlarla sənədləri Paradise Sənədləri sızması ilə ortaya çıxan Appleby hüquq şirkəti bütün dünyanın diqqət mərkəzindədir.

Ofşor müəssisə qurmaq istəyən hər bir kəs, nəzərdə tutduğu ərazinin qanun və qaydalarına riayət etməlidir. Və bunun üçün də onlara hüquqşünaslar lazım olur.

Appleby böyük beynəlxalq "hüquqi ofşor xidmət təklif edən" azsaylı şirkətlərdən biridir.

İstər maliyyə qurumu olsun, istər qlobal korporasiya, istərsə də zəngin şəxslər, Appleby-ın biznesi müştərilərə şirkət və qəyyumluqlarını xarici yurisdiksiyalarda aşağı və ya sıfır vergi dərəcələri ilə və maliyyə baxımından məxfi şəkildə təsis edib, qeydiyyatdan keçirməyə kömək edir.

Bir növ elə işdir ki, qaranlıq keçmiş, mübahisəli nüfuz və qeyri-şəffaf reputasiyaya malik fərdlərlə üz-üzə gələ bilirsən.

Bu sahə üzrə bütün hüquqi şirkətlər kimi Appleby da belə müştərilərini və ya potensial müştərilərini siyasi təhlükə daşıyan şəxslər (PEP-lər) adlandırırlar.

PEP siyasi, diplomatik, hərbi, məhkəmə və ya oxşar dünyaların tanınmış simalarından ola bilər. Məşhurluq vəzifəsi və nüfuzu onların adının rüşvət və korrupsiyaya qarışması şansını artırır.

PEP-in yaxın ailə üzvü də PEP-ə çevrilir.

Riskli biznes

Hüquq bələdçiləri hüquq məsləhətxanalarının "sehrli ofşor halqasında" Appleby-ın da adını çəkirlər.

The Lawyer jurnalı tərəfindən təqdim olunan məlumatlara əsasən, Appleby-ın korporativ müştərilərinə Barclays Qrup, Citibank, Credit Suisse, Goldman Sachs, HSBC Bankı, JPMorgan Chase, KPMG, Lloyd Bank Qrupu, PwC, Ali Şotlandiya Bank Qrupu, Santander Böyük Britaniya və Standard Chartered daxildir.
Appleby-ın internet səhifəsində əldə etdiyi mükafatlar göstərilir. Buraya "Band 1" mükafatı da daxildir ki, bu da onun ən yaxşı ofşor hüquq şirkətlərindən biri kimi qiymətləndirildiyini göstərir.

2015-ci ildə Legal 500 BK tərəfindən Appleby ilin ofşor şirkəti seçilib.

Bu nüfuzu əldə etmək heç də asan iş deyil. İlk Appleby məsləhətxanası ilk dəfə Bermudada mayor Reginald Appleby tərəfindən 1890-cı illərdə təsis edilib. Təxminən 120 il sonra, sahəsi üzrə şirkət, dünyanın ən böyük və yaxşı hüquqi qruplarından birinə çevrilib.

Appleby-ın təxminən 470 işçisi, 60 ortağı və dünya üzrə 10 ofisi var. Onun filialları Bermuda, Man adası, Jersey, Guernsey, Britaniya Virgin adaları, Kayman adaları, Mavritaniya və Seyşellərdə yerləşir. Honkonq və Şanxayda da təmsilçiləri var.

Şirkətin nüfuzu həm də onun dəqiqliyində yatır. Paradise Sənədlərində Appleby-ın PEP-lərlə işləyən rəsmilərinin əməl etməli olduqları uyğunluq proseduru da yer alır.

Lakin görünür ki, hüquq şirkətinin biznesini ortaya çıxaran bu böyük sızmada əvvəl belə, Appleby-ın standartları ilə bağlı narahatçılığı olub. 2012-ci ildə Bermudada işçilərinə təqdimatında şirkət, riskli biznesə boyun olduğunu etiraf edir. Söhbət qaçaq pulların yuyulması siyasəti də daxil olmaqla tənzimləmə öhdəliklərindəki uyğunsuzluq ətrafındakı narahatçılıqdan gedir. Bunu Paradise Sənədlərində də görmək olar.

Adanın maliyyə tənzimləyicisi Bermuda Pul Orqanından gələn məktub da bunu göstərir. Belə ki, 2015-ci ildə Appleby-ın qaçaq pulların yuyulması və anti-terrorçu yoxlamaları və qəyyumluq qaydaları uyğunluğu ilə bağlı suallar baş qaldırıbmış.

2014-cü ilin avqustunda isə Appleby Britaniya Virgin Adaları Maliyyə Xidmətləri Şurasından qaydaların pozulması və müştəri yoxlanışları barədə xəbərdarlıq alır.

Bir ay sonra, Appleby-ın Britaniya Virgin adaları filialından "yüksək riskli müştərilər" siyahısı təqdim olunur. Buraya Çin, Rusiya və Yunanıstan da daxil olmaqla siyasi və ictimai rola malik insanların adı daxil idi.

London filialının bağlanması

Başqa bir sənəddə Appleby-ın qeyri-qanuni və ya korrupsiyada adı hallanan potensial müştərilərlə biznesdən imtina etdiyi üzə çıxıb.

2013-cü ildə Appleby da daxil olmaqla bir sənaye qrupu o dövrdə baş nazir olan David Cameron-un ofşor "qabıq" şirkətlərin sahiblərinin adlarının ictimai reyestrə salınması ilə bağlı təzyiqinə qarşı çıxır.

Appleby deyir ki, "onlar, çoxsaylı beynəlxalq müştərilərinə daha effektiv xidmətlər təklif etmək üçün yeni məhsullar üzərində işləyirlər".

Son illər korporativdə böyük dəyişiklərlə müşayiət olunub. 2016-cı ildə mühasibat və fond menecmenti xidmətləri də daxil olmaqla qəyyumluq menecmentinin adı Estera-ya dəyişilir.

Buraya bir sıra birləşmə və satınalma da daxil olub və Paradise Sənədlərində başqa məsləhətxanalar tərəfindən təqdim olunan anlaşmalar da göstərilir.
2015-ci ildə şirkət, London filialını bağlayır. Şirkət The Lawyer jurnalına müsahibəsində bildirir ki, paytaxtdakı işçilər Guernsey, Jersey və Man adasına səyahət edərək işlərini həll edə bilərlər. Şirkət son illərdə Bəhreyndəki ofisini də bağlayıb.

Sızmaya görə, Appleby-ın müştəriləri arasında ABŞ vətəndaşları üstünlük təşkil edir. Sənədlərdə müştərilər üçün 31.180 ABŞ ünvanı qeyd olunub. BK-dan 14.434 və Bermudadan 12.017 ünvan göstərilib.

Sıralamanı Kayman adaları, Honkonq, Çin, Kanada, Man adası, İsveçrə və Britaniya Virgin adaları davam etdirir.

Paradise Sənədləri sızması ilə bağlı bəyanatında Appleby bildirib ki, "iddialar hərtərəfli və dəqiq şəkildə araşdırılıb və biz tam əminliklə deyə bilərik ki, nə bizə, nə də müştərilərimizə qarşı qeyri-qanuni heç bir dəlil aşkarlanmayıb".

Şirkət, yüksək səviyyədə nəzarət edilən yuridiksiya ilə işlədiyini bildirir və əlavə edir ki, "müştərilərinə də legitim və qanuni yollarla biznes yürütmələrini məsləhət bilir. Biz qeyri-qanuni davranışa qarşı dözüm göstərə bilmərik."

"Heç şübhəsiz ki, biz də qüsursuz deyilik. Qarşımıza çıxan yanlışlığı isə dərhal düzəltməyə çalışır və müvafiq orqanları bu barədə xəbərdar edirik."
Paradise Sənədləri nədir?

Paradise sənədləri, əsasən Appleby adlı ofşor hüquq şirkətindən sızmış nəhəng sayda sənədlərdən və 19 vergi yurisdiksiyalarının korporativ qeydiyyat siyahılarından ibarətdir.

Bu sənədlər bir çox siyasətçilərin, məhşurların, biznes liderlərinin və korporativ nəhənglərin maliyyə əlaqələrinə işıq salır.

13.4 milyon sənəd Almaniyanın Süddeutsche Zeitung qəzeti tərəfindən əldə edilib və Beynəlxalq Təhqiqat Jurnalistləri Konsorsiumu (International Consortium of Investigative Journalists - BTJK) ilə paylaşılıb.

BBC üçün təhqiqata onun Panorama proqramı, The Guardian qəzeti də daxil olmaqla, 67 ölkədə 100 media təşkilatının iştiraki ilə həyata keçirilən beynəlxalq miqyaslı araşdırmanın tərkibində rəhbərlik edir.

Sızılmış sənədlərin mənbəsi məlum deyil.

Qaynarinfo.Az
Mənbə: BBC