Dünya 22:20 26.06.2019

Parlament müxalif deputatın həbsinə razılıq verdi

Gürcüstan parlamenti müxalif Vahid Milli Hərəkat Partiyasının deputatı Nika Melianın toxunulmazlığının aradan qaldırılması barədə qərar qəbul edib.

"Report”un yerli bürosu xəbər verir ki, 91 deputat qərarın lehinə səs verib.

Müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarından olan deputatlar etiraz olaraq iclasda iştirak etməyiblər.

Plenar iclas parlamentin binası ətrafında müxalifət tərəfdarlarının etiraz aksiyası fonunda keçib.

Qeyd edək ki, ötən gün Gürcüstanın Baş Prokurorluğu N.Melianın həbsinə razılığın verilməsi ilə bağlı parlamentə müraciət edib. Deputat Tbilisidə iyunun 20-21-də keçirilən aksiyalarda kütləvi zorakılığın təşkili, ona rəhbərlik etməkdə və iştirakda təqsirləndirilir.