Siyasət 11:46 30.04.2013

Partiya sədri Eldar Namazova «sezonşik» dedi

«Eldar Namazov seçkidən seçkiyə fəallaşır, sonra böyük fasilə götürür, daha sonra yenidən siyasətə qayıdır». 

Bunu Trend-ə müsahibəsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. «Siyasətçilər müxtəlifdir. Azərbaycanda mövsümi siyasətçilər də var. Sovet dövründə onlara "sezonşiklər" deyirdilər. Bazar məsələsi ortaya gələn kimi onlar ortaya çıxır, nəsə ortadan götürürlər, sonra aradan çıxır, iki-üç il istirahət edir, yenidən qayıdırlar, özlərinə də siyasətçi deyirlər. Bu adamlar hamısı təcrübəli adamlardır, əgər qollarını çırmalayıb ortaya girişiblərsə, deməli, onlar nəyəsə ümid edirlər və xüsusən, mənim onların arasında tanıdığım adamlar var ki, onlar pulsuz işləmirlər. Lazım gələndə adlarını da çəkəcəyəm», - partiya sədri bildirib.

Rüstəm İbrahimbəyovun prezidentliyə vahid namizəd olacağı ilə bağlı məlumatlara toxunan Əli Əliyev deyib ki, Rüstəm İbrahimbəyov bu gün dünyada ən çox tanınmış azərbaycanlılardan biridir: «Mən Rüstəm İbrahimbəyovun Azərbaycan xalqını kinorejisssor qiyafəsində tanıtmasından fəxr duyuram. Rüstəm İbrahimbəyov kimi dünya şöhrətli azərbaycanlıların sayı o qədər çox deyil. Bu, mənim ona bir kinodramaturq kimi birmənalı münasibətimdir. Amma siyasətçi Rüstəm İbrahimbəyov mənə bir az şəxsi qisas alan insan təəssüratı bağışlayır. Əvvəllər Rüstəm İbrahimbəyov susurdu, amma indi qolların çırmalayıb, siyasi proseslərə qoşulub. Lakin ölkə hakimiyyətinin dəyişməsində rol almaq kimi bir ssenari formalaşdırmaq, Milli Şura kimi bir siyasi layihənin müəllifi olmaq siyasi ambisiyasızlıqdan xəbər vermir, əksinə, kifayət qədər siyasi ambisiyalıdır. Ancaq əgər Rüstəm İbrahimbəyov "Milyaderlər İttifaqı"nın Azərbaycan üzrə koordinatoru olmaqla siyasətə qoşulub ambissiya ortaya qoyacaqsa, ilk növbədə bizim partiyanı öz qarşısında görəcək. "Milyaderlər İttifaqı"nı Rusiya rəhbərliyi yaradıb, Rusiya rəhbərliyi də Azərbaycanın dövlət müstəqilliyinə təhdidlə məşğuldur. Mənim Rusiya xalqına da, Rusiya Federasiyasına da böyük hörmətim var, Rusiyanı Azərbaycanın ən yaxın qonşularından biri sayıram, Rusiya ilə əlaqələrin dərinləşməsinin tərəfdarıyam. Ancaq bu, Azərbaycanın dövət müstəqilliyinə, siyasətinə təsir etməyən sərhəddə olmalıdır. Burada şəxsi hayıflarını almaq xatirinə Azərbaycan dövlətçiliyini siyasi qumara çıxarmağa heç kəsə ixtiyar verilməyib və o arzuda olanlar da milli qüvvələrin cavabını alacaqlar».

Qaynar.info