Siyasət 18:50 19.07.2013

Partiya sədri Rəsul Quliyevi oğru adlandırdı

Milli Şura təmsilçilərinin xarici səfərlərdə özlərinə imic qazandırmaqla məşğul olmaları ironik münasibətlə qarşılanır.

Bu barədə Gün.Az-a açıqlama verən Sosial-Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə Milli Şura nümayəndələrinin ABŞ-a səfərlərinin onlara fayda gətirməyəcəyini deyir:

“Rəsul Quliyev Azərbaycanda  uzun müddət müxtəlif vəzifələrdə çalışıb və oğurladığı pulları Amerikada kimlərləsə görüşməyə sərf edir.

 Bilirsiniz ki, Amerikada Konqres üzvləri və ya başqa qurumların təmsilçiləri ilə görüşməkdə  problem olmur. Yəni orada lobbiçilik fəaliyyətinə rəsmi icazə verilib və həmin təşkilatlar bu kimi məsələləri asanlıqla həll edirlər – puluna minnət.

 Rəsul Quliyev özü bu illər ərzində çox az görüşmüşdü, indi də Eldar Namazovun onlarla görüşünü təşkil edir? Bu da təəccüblü deyil.

 Çünki onlar uzun müddət bir komandada işləyiblər, bir-birilərini yaxşı başa düşürlər. Amma bu görüşlərin hər hansı nəticəsi ola bilməz – arada pulları gedir və gedəcək. Başqa nə ola bilər ki?

 Başqa tərəfdən, mənə çox maraqlıdır, Milli Şuranın başındakı şəxslər gah bir ölkəyə, gah da digər ölkəyə səfərlər edirlər. Bəs onlar Azərbaycan xalqı ilə nə zaman görüşəcəklər? Məlum deyil.

 Amma bilməlidirlər ki, artıq Azərbaycan müstəmləkə, onun vətəndaşları isə kölə deyil. Bu xalq imkan verməz ki, Amerika və ya başqa hansısa ölkə onun üçün prezident seçsin”.

Qaynar.info