Ramin Hacılı

Blogger
Yazılar
5
Paşinyana qəzəblənib özümüzü linç edənlər...

Paşinyana qəzəblənib özümüzü linç edənlər...

Ermənistan baş naziri Nikol Paşinyan Qarabağa gəlir, "Köçəri" rəqsi edir, populist bəyanatla çıxış edir, hissiyatımızla oynayır.

Azərbaycanda sosial şəbəkə fenomenləri ona cavab olaraq Ləman Ələşrəfqızını hədəf alır.

"Aprel döyüşləri"ndən sonra Əli Kərimlinin evi qarşısında aksiya keçirənlər məntiqi necə alt - üst etmişdilərsə, bu da elədi. O dönəmdə, o iş nə idi? Heç kim anlamadı. 

İndi də əsas mövzu qalıb kənarda, situasiyanı müzakirə etmək, diskussiyalar təşkil etmək əvəzinə Ləman xanımla məşğuluq. 

Hadisə qalıb kənarda biz "göt"(e)də ilişib qalmışıq. 

Müdirinə olan nifrətin heyifini arvadından çıxmağı kişilik kimi qəbul etməyimizin nəticəsidi, bəlkə başqa formada təzahür etməyə başlayıb. Ola bilər. 

Ermənilərə gücümüz çatmadığını fikirləşib bir-birimizi əzməklə özümüzü təsdiq edib rahatlayırıq. Ola bilər. 

Ağlıma başqa şey gəldi bu mənzərəni seyr edərkən. 

Bəlkə bir-birimizə nifrət qusub enerji xərcləməsək, Qarabağla bağlı daha ciddi işlər görərik.

Bəlkə bir-birimizdə bir "səhv" tapıb linç etməsək, vətəndaş olarıq... 

Həmvətənlərimizi sevərik...

Ləman xanımı linç edənlərin çoxu Azərbaycan üçün onun qədər iş görməyib. Çəkdiyi filmlər, jurnalist araşdırmaları ölkəmiz üçün arxiv materiallarıdı. 
Deyək ki, uğursuz söz oyunudu, səhvdi. Buna görə insanın bütün zəhmətini yerə vurub onu linç etmək necə, uğurlu hərəkətdi, doğrudu? 

Bunu edənlər daha "cool" göründüklərini düşünür? 

Niyə "linç" yazdım? Çünki linç - təhlil etmədən, verilən ədalətsiz cəzaya deyilir. Biz isə son zamanlar heç bir fikri təhlil etmirik, təmkinlə əks səbəbləri sadalamırıq. Aşağılayırıq, əzirik, hırıldayırıq, əsaslı müzakirəni iqnora qoyuruq. Hücum edirik, daşqalaq edirik, vəssalam. 

Yeri gəlmişkən, Ləman Əliəşrəfqızı hadisəsi bir misaldı. Eynisini  "like" tamarzısı olan "əlidaşlı" dostlar Erkin Qədirliyə, Rəşad Şirinə, Emin Milliyə, Arif Hacılıya... da etmirmi? Həbs edilmiş Azad Həsənovun balasının gözünə baxıb iztirab çəkən vəkil Osman Kazımov Azad bəyin buraxılması üçün Prezidentə müraciət yazdı deyə linçə məruz qaldı. İnsandı, vəkildi, bir atanı övladına qovuşdurmaq istəyir. Bunun üçün çalışır, işləyir... hər yerə müraciət edir. Tək məqsədi haqsızlığa məruz qalan insana kömək etməkdi. Birdən heç bir işi, faydası olmayan, boş yerə oksigen tükədən kimsə, vəkilin bir sözündən tutub onu və təmsil olunduğu Müsavat Partiyasını linç edir. Necədi?


Bu cür "like" almaq doğrudanmı xöşbəxt edir, kayf verir? 

İndi qayıdaq Ləman xanıma olan hücuma və Paşinyanın Qarabağ bəyanatlarına. 

Əziz dostlar! 

İnsan, vətəndaş həmvətinində səhv axtaran deyil, insanlıq üçün çalışandı. Qarabağın işğalının və ya işğalda qalmasının günahkarını içimizdə axtarmaq məntiqsizlikdi. Boş işdi, gəvəzəlikdi.

İşğalçı məlum, ona dəstək verən məlum, geopolitik vəziyyət məlum. 

Bir-birimizi incitməklə yaşadığımız mühiti zəhərləyirik, sadəcə. 

Bu linç daş-qalaq etmənin online versiyasıdı. İsa Məsihin bu halda sözü belədi: "İlk şərhi günahsız yazsın".

Sevgilərlə,

Ramin Hacılı

OXŞAR XƏBƏRLƏR