Vüsal Bağırlı
Ölkə 14:06 15.10.2019

Payız yazısı…

Vüsal Bağırlı

Tuneldə qatar dayanmaq üzrədir. Ətalətli ləngərdən müvazinətimi itirib, sərxoş adamlar kimi səntirləyirəm. Əlimdəki kitabı bel çantama dürtə-dürtə yıxılmamağa, qollarımı havada oynadaraq haradan gəldi tutmağa, yapışmağa çalışıram.

Vaqon astmalı adamlar kimi xırıltıyla, dərin bir nəfəs allr və fısıltı-tlsıltıyla dayanır. Açılmış qapıların şaqqıltısıyla, bir-birinə yapışmış tərli, acıqlı sərnişinlərin perrona, perrondakılarınsa içəriyə təpilməsi eyni anda, sinxron baş verir. Basa-basa birtəhər sinə gərib, özümü güc-bəla ilə bayıra tullayıram.

Perron izdihamı hamını fırtınaya düşmüş dəniz kanoesi kimi udur. İstəyib-istəməməyimdən asılı olmayaraq, axın burulğanı məni əvvəlcə yerimdə fırladır və eskalatora tərəf sürüyür. 

Hərəkət edən pilləkənlər aramla məni yuxarı dartır. Nizamla, əsgər ardıcıllığı ilə bir-birininarxasınca düzüüb, paralel aşağı düşən insanları bir-bir gözdən keçirirəm. İslanmış adamlar saçlarını çırpır, üst-başlarını qaydaya salır, çətirlərini yığırlar. Bəli, bu payız soyuqlar erkən gəldi.

Qəfləti bir ardıcıllıqla danışan diktorun rəsmi, quru səsi adamı diksindirir: "Qocalara, uşaqlı qadınlara yer verin, metroda şübhəli şəxslər gördükdə...”
Eh, o qədər şübhəli şəxs görürəm ki!? 

Yeniyetmə vaxtı detektiv əsərlərə hədsiz aludəçiliyim var idi: Şerlok Holms, Erkül (ona zarafatla Ərgül deyirdim) Puaro, Miss Marpl...

Oxuduğum əsərlərin dərin təəssüratına qapılıb, xəfiyyələrin deduktiv yanaşma prinsipini tətbiq edərək, mübhəm cinayətləri, insanlar arasında gizlənən hiyləgər qatili ifşa etməyə çalışar, ayaqqabı üzərindəki palçıq ləkəsindən, pencəyin üzərinə düşmüş lələkdən, eynəyin formasından, sağanağından, papağın görünüşündən onun kimliyini təyin etməyə çalışardım.

Bəzən küçədə mənə şübhəli görünən birisini qarabaqara izləyər, təxəyyülümdə onun haranısa qarət etməyə getdiyini, hansısa bankı soymağa yollandığını, yaxud ən dəhşətlisi və pisi, kimisə öldürmək istədiyini zənn edərdim.

Bayırda narın payız yağışı üzərimə çilənir. Düşüncələrim, üzərinə ağac budağı atılmış sərçə sürüsütək dağılıb gedir. Bir-birinin üzərinə qalaqlanaraq şişmiş, köpəşimiş yağmur buludlar, küləyin təsiri ilə tənbəlcəsinə yırğalanır, tənbəlcəsinə sağdan-sola, şərqdən qərbə sürünürlər. 

Addımlarımı yavaşıdıb, qollarımı açaraq, ən sevdiyim fəslin nəm havasını qarşısıalınmaz ləzzətlə ciyərlərimə çəkirəm. Rütubətli soyuqdan büzüşən, yağışdan islanan və gizlənən bikef adamlar yanımdan sürətlə ötür və təəccüblə mənə baxırlar....