Siyasət 13:48 28.03.2013

Pənah Hüseyn: “Artur Rəsizadə istefa verməlidir”

“İctimai Palatanın hazırladığı “Demokratikləşmənin yol xəritəsi” proqramı reallaşsa, dialoqla bağlı durğunluğa son qoyula bilər”. 

Bu sözləri Modern.az-a açıqlamasında İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn  iqtidar-müxalifət münasibətlərindəki “dialoq böhranı”nı şərh edərkən bildirib. 

Eks-baş nazir siyasi qüvvələr arasında böhranlı münasibətdən çıxmaq üçün Artur Rəsizadənin rəhbərlik etdiyi hökumətin istefaya göndərilməsini təklif edib. “Böhrandan çıxış yolu kimi onu təklif edə bilərəm ki, hökumət istefaya getsin. Həmçinin yeni parlament seçkiləri keçirilməli və demokratik islahatlar aparılmalıdır”-deyə eks-baş nazir bildirib.

Qeyd edək ki,  Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu il dialoqun olması ilə bağlı açıqlama versə də, aparıcı müxalifət partiyaları bunu birmənalı qarşılamayıb. Həmçinin bu yaxınlarda Müsavat Partiyasının Divanının iclasında da dialoqla bağlı müzakirələr olub.  

Bundan başqa YAP İcra Katibinin müavini Siyavuş Novruzov da dialoq üçün bir neçə dəfə müxalifətə təklif göndərdikləri barədə önəmli mesajlar verib. Amma müxalifət düşərgəsi onlara belə bir müraciət daxil olmadığını bildiriblər. Bir sözlə, dialoq məsələsi hələlik sözdə gündəmdədir. Belə demək olarsa, Azərbaycan siyasi müstəvisində “dialoq böhranı” yaşanır.

Qaynar.info