"Həmişə hər bir vətəndaş yaşa görə əmək pensiyasına çıxan zaman ondan 25 il staj tələb olunurdu. Bu staj olmayan zaman isə müraciət edən vətəndaş pensiyaya çıxa bilmirdi və müəyyən problemlər yaranırdı”.

Bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişiklikləri şərh edərkən deyib.

Komitə sədri bildirib ki, dəyişikliyə görə pensiya almaq üçün müraciət edən hər bir vətəndaşa 2006-cı ilə qədər 25 il staj hesablanacaq.

"Məsələn, bir adam pensiyaya çıxmaq istəyir və onun 25 il stajı yoxdur. Bu zaman isə ona 2006-cı ilə qədər 25 il staj hesablanacaq. Hesab edirik ki, bu hesabla da pensiya hüququ əldə edən vətəndaşların sayı və onlara ödəniləcək məbləğ artacaq. Məhz bu məqsədlə 2019-cu ilin dövlət büdcəsində əlavə 342 milyon manat vəsait ayrılıb”.

Qeyd edək ki, "Əmək pensiyaları haqqında” qanuna dəyişiklik Milli Məclisin noyabrın 27-də və 30-da keçiriləcək iclasının gündəliyinə daxil edilib. (Modern.az)