Dünya 10:50 14.10.2017

Peşmərgə və türkmənlər arasında qarşıdurma

İraqın Səlahəddin bölgəsində Peşmərgə və türkmən qüvvələri arasında qarşıdurma yaşanıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, bölgənin icra başçısının köməkçisi Məhəmməd Əbdülvahid açıqlama verərək bildirib ki, Dədəqərib məscidi yaxınlığında yerləşdirilən bombanı zərərsizləşdirməyə çalışan polis qüvvələri hücuma məruz qalıb. Daha sonra hücumu həyata keçirənlər ərazidən uzaqlaşıb. Əbdülvahid həmçinin Həşdi Şabi qüvvələrinin Kürdüstan Yurdsevərlər Birliyinin mərkəzinə atəş açdığını deyib. 

İraqın Baş Qərargah rəisi Osman Əl Qənimi dünən start götürən Kərkük əməliyyatı ilə əlaqədar açıqlama verib. Açıqlamada "Kərkük konstitusiyaya əsasən İraqındır. Nə yolla olur olsun, geri alınacaq. Türkiyə, İran və İraq Şimali İraqdakı saxta referendumu tanımır. Biz Kərkükü İraq adlandırırıq, çünki orada türkmənlər, ərəblər, kürdlər, xristianlar və digər qruplar yaşayır. Kərkük bizim ən vacib ərazilərimizdəndir" deyib.

Qeyd edək ki, İraq və Həşdi Şabi qüvvələri dünən İraq Kürd Bölgə İdarəsinin işğalında olan Kərkük sərhəddinə hərbi texnika yerləşdirməyə başlayıb. Addımın səbəbi İraq höküməti tərəfindən qeyri-qanuni elan edilən Kürd bölgəsinin müstəqillik referendumudur. 

İraq prezidenti Heydər Əl İbadi və türkmən Həşdi Şabi qüvvələri kürd qüvvələrindən aşağıdakıları tələb edir:

- Kərkük havalimanını İraq və Həşdi Şabi qüvvələrinə təslim etmək.

- Keywan (K1) hərbi bazasının İraqa təhvili.

- Kərkükdəki neft yataqları və borularının hökümətə təhvili.

- Peşmərgənin əlində olan İŞİD üzvlərinin İraq ordusuna təslimi.

- İraq qüvvələrinin İŞİD-dən əvvəlki yerlərə yerləşməsi.

- Kərkükün icra başçıs; Nəcməddin Kərimin vəzifəsindən azad edilməsi.

Tələblərin yerinə yetirilməsi üçün kürd qüvvələrinə sabah gecə 2.00-a qədər vaxt verilib.

İKBİ baş naziri Nəcirvan Bərzani məsələnin sülh yolu ilə həllinə tərəfdar olduqlarını deyərək "Kürd Bölgəsi höküməti olaraq cənab Ayətullah Seyid Əli Sistanidən, BMT-dən, ABŞ, Avropa İttifaqı, İŞİD-lə mübarizə koalisiyasına daxil olan və sülh tərəfdarı olan bütün qruplardan ərazidə növbəti müharibənin başlamasına mane olmalarını istəyirik. Nə İraq qüvvələrinin, nə də digər qrupların belə bir müharibəyə səbəb olmasını istəmirik, çünki bu vəziyyət həm İraqı, həm bölgəni, həm də İŞİD-lə mübarizə məsələsini təhlükə altına alar, terror qrupunun ərazidə güclənməsinə səbəb olar. Baş verəcək istənilən silahlı qarşıdurmanın səbəbkarı isə İraq prezidenti Heydər Əl İbadidir." fikirlərini səsləndirib.

Gülşən

Qaynarinfo.Az