Məmməd SÜLEYMANOV
Sənət 12:24 14.10.2019

Peter Handke: “İlin axmağı” və nobeliat...

Məmməd Süleymanov

2 dəfə 2-nin 4-ə bərabər olmamaq azadlığı varmış. Bəs neçə? 10 ola bilər, hətta 100. Ancaq 4 olmamalıdır.

Hər kəsin öz vurma cədvəlinə malik olduğu qaranlıq dövrlərdə Pifaqor cədvəlinə nəinki ehtiyac qalmır, o, ziyanlı elan olunur.

Bunu ki hələ 17-ci əsrdə Tomas Hobbs yazmışdı: "Əgər həndəsə qanunları idarə edənlərin maraqlarına toxunsaydı, onlar ləğv olunardı”.

Koordinat sistemi, təməl prinsiplər lazımsızlaşaraq kənara atılıb. O Kant idi ki, daxilindəki əxlaq qanunundan bəhs edirdi. İndi boşluğu vulqar sofistika tutub. Qədim yunanlar sofistlərə müdrik kimi baxa bilərdilər, ancaq hakimiyəti onlara tapşırmaq, hər küncdə-bucaqda onları təbliğ etmək ellinlərin ağlının ucundan da keçməzdi. 

***

İndi başa əyyamlardır. Düz 20 il əvvəl Salman Rüşdi məqalə yazıb yazıçı Peter Handkeni "İlin axmağı” elan edir. Söz adamı başqa Söz adamını Sözə görə aşağılayır. Rüşdi Handkeyə nəyi yazmağa və nəyi söyləməyə hüququ çatdığını başa salır, onun üçün çərçivə cızır. Rüşdinin azadlıq anlayışında çərçivə azadlığı da var və o çərçivənin koordinatları da, parametrləri də məntiqə, etikaya, mənəvi dəyərlərə yox, kor-koranə istəyə və hakim sinfin təbliğat şablonlarına əsaslanır.

Əgər Rüşdi haqlıdıra, onda ona nəyi yazıb nəyi yazmaq olmaz imperativini irəli sürən fundamentalistlər də, Xomeyni də haqlıdır. Əgər onlar Rüşdi üçün çərçivə cızırlarsa, şirin canını götürüb Avropaya qaçan Rüşdinin Handkeyə münasibətdə ona ölüm hökmü çıxaranlardan (və icra etməyə çalışmayanlardan) nə fərqi qaldı ki?!

20 il keçdi, öz imicini çoxdan yerlə sürütmək yolu seçmiş (elə keçən ilki harrasment qalmaqalı və 2017-də mükafatın musiqiçi Bob Dilana verilməsini xatırlamaq yetərlidir)  Nobel komitəsi Peter Handkeni ədəbiyyat üzrə 2019-cu ilin qalibi elan etdi. Və jurnalistlər Rüşdini tapıb danışdırdılar. O da lakonik oldu: "Yeni heç nə deməyəcəm. O vaxt yazdıqlarımın üstündə dururam”.



O vaxt - 1999-cu ilin mayında isə Rüşdi Handkeni Sarayevo hadisələrinin başlanmasındakı (şəhər 1992-ci ildən başlayaraq 4 ilə yaxın blokadada qaldı) müəmmaları qabartdığına və Yuqoslaviyanın NATO tərəfindən bombardmanına qarşı çıxdığına görə "İlin axmağı” adlandırmışdı.

Halbuki, təkcə Rüşdiyə yox, hamıya bəllidir: Sarayevoda ilk qan 1992-ci ilin 1 martında töküldü - müsəlman kriminal element Ramiz Delaliçin dəstəsi serb toyunu kilsənin qarşısında gülləbaran etdi. Artıq bir neçə saat sonra şəhər barrikadalarla doldu və qırğın başladı. 

Hər şey əvvəldən hazır idi - o cümlədən, yüksəkliklərdə mövqe tutub həm serbləri, həm də müsəlmanları öldürən ("insan ovu”) snayperlər də. Beləliklə, "Avropanın Qüdsü” adlandırılan Sarayevonun (şəhərdə məscid, katolik və pravoslav kilsələr, sinaqoq bir-birindən elə məsafədədir ki, piyada gəzsən 10-15 dəqiqəyə birindən digərinə çatarsan) yalnız dininə görə bölünmüş eyni xalqın nümayəndələrinin qarşılıqlı qırğınına meydan olmasının planı işə salındı. Ssenarist və rejissorlar kənarda idi. Sakinlərdə ilk qanla dönməz aqressiya yaratmağa nail olan qüvvə - budur səbəbkar. Və onun adını çəkmək lazım.

Handke onun adını çəkir - Qərb. Bu da Rüşdinin onu axmaq adlandırması üçün yetərlidir.

Handke Qərbin Yuqoslaviyanı məqsədyönlü şəkildə dağıtdığını söyləyir - bu ki "Polişinel sirridir”. Və cəmisi 2 il sonra Əfqanstanda, 4 il sonra İraqda, 12 il sonra Liviyada təkrarlanacaqdı.

Handke NATO-nun dinc əhalinin başına bomba yağdırmasına qarşıdır. Rüşdi isə bombaları alqışlayır. İndi kim hərbi canilərlə ortaqdır?

Handke baiskar kimi barmağını statistlərə yox, ssenaristlərə tuşlayır. Və "axmaq” titulu alır.

Handke nəticələrə gətirib çıxaran səbəbləri araşdırmağın tərəfdarıdır. Bunu ona bağışlamaq olmaz.

***

Təkcə Rüşdimi? Yox. Nobel komitəsi qərarını açıqlayandan sonra insan orqanları alverçisi, narkobaron və Kosovonun prezidenti Haşim Taçi tvitterdə yazır: "Bu qərar saysız-hesabsız qurbanlara böyük ağrı gətirdi”. Kannibal vegetarianlığa dəvət edir.

Albaniyanın baş naziri Edi Rama isə yazır: "Heç vaxt fikirləşməzdim ki, Nobel mükafatına görə ürəkbulanma hiss edəcəm”.

Çoxsaylı etirazlara vaxtilə məhz burjuaların "Kapitalistlər üçün ən qorxulu filosof” titulu verdiyi Slavoy Jijek (yəni, burjua məsləhət görür: Jijekin yazdıqlarını oxuyun və çəkdiklərinə baxın. Çaşıb Vallerstaynı, Mesaroşu, Tarasovu, yaxud Naomi Klyaynı oxumayın! Çünki, Jijek - Qiyamın sublimasiyası və pop-kulturanın personajıdır) də qoşulur. Jijek deyir: "Hərbi cinayətlərin apologeti Nobel mükafatı alır”.

Halbuki Handke indiyədək nə hərbi cinayətləri inkar edib (onları necə inkar etmək olar ki!), nə Srebrenitsadakı qətliamı (vur-tut bu qətliamda Qərbin rolu ilə bağlı suallar qoyub).

2002-ci ildə Peter Handke Haaqaya, Slobodan Miloşeviçin məhkəməsinə müşahidəçi kimi yollanır. "Yunqe Velt” qəzeti yazıçı ilə müsahibə dərc edir. 

Müsahibədə bu kəlmələr də yer alır: "Miloşeviçin nitqi məndə dərin təəssürat yaratdı... Serb qoşunları Sarayevoda cəmisi bir neçə güllə atıblar”.

Qalmaqal? Əlbəttə. Halbuki, Handke müsahibə verməyib. Qəzet "müsahibə”ni özündən uydurub. Ancaq nə olsun ki? Bu gün də Handkedən söz düşəndə həmin "müsahibə” əşyayi-dəlilə çevrilir.

Handke Miloşeviçə Qərbin toruna düşmüş şikar kimi baxır. Onunla bir masaya əyləşdilər, Deyton sazişini imzalatdılar, arxayın saldılar, sonra da bombaladılar, devirdilər, həbs etdilər, məhkəmə qurdular və istədiklərini ala bilməyəndə (məhkəmədə Miloşeviç müdafiə olunmalıydı, ancaq hücuma keçdi) müəmmalı şəkildə yox etdilər.

Beləliklə, Miloşeviç şərdirsə, o, daha böyük şərə uduzdu.

Handke məhkəmə prosesindən yazdığı essedə serb liderinə qarşı saxta şahidlərdən istifadə olunduğunu qabartdı. 

2006-cı ilin martında isə Miloşeviçin dəfn mərasiminə qatıldı. Hətta çıxış da etdi. Və o çıxışdakı cümlələr diqqətəlayiqdir: 

"Özünü dünya adlandıranlar Yuqoslaviya, Serbiya, Miloşeviç haqqında bütün həqiqətləri bilir. Ona görə də özünü dünya adlandıranlar burada yoxdurlar. Və təkcə bu gün və təkcə burada yox. Mən həqiqəti bilmirəm. Ancaq mən görürəm, hiss edirəm, xatırlayıram. Ona görə də bu gün buradayam, Yuqoslaviya, Serbiya, Miloşeviç ilə bir sıradayam”.

Cavab olaraq Parisdə "Komedi fransez” onun əsərinin tamaşasından imtina edir, 2006-nın iyununda isə Handke özü Henrix Heynə mükafatından imtina etməyə məcbur olur. Cavab olaraq "Berliner ansambl” teatrı "Henri Heyne Berlin mükafatı” aksiyasına başlayır, 50 min avro vəsait toplayaraq Handkeyə təklif edəndə yazıçı məbləği götürmür və onun təklifi ilə pul Kosovodakı serb kəndlərinə xərclənir.

2008-ci ildə yazdığı məqaləsində Handke yenidən Yuqoslaviya mövzusuna qayıdır, xalqların birgə mübarizəsi sayəsində nasizmin məğlub edildiyini önə çəkir və Qərbi növbəti dəfə "fırıldaqçı” adlandırır. Beləliklə, Handkenin "Qərb” ümumi adı altında nəzərdə tutduğu transmilli siyasi killerlər niyə onu bəyənməlidirlər ki? Onların əlində ictimai rəyi debilləşdirən mətbuat və öz həmkarını "axmaq” adlandırmağa həmişə hazır Rüşdilər var. Və affekt göz qabağındadır.

Handke narahat ağlın sahibi kimi narahatlıq doğuran suallar verir. Onun nüfuzu və Sözünün gücü var. Odur ki, hətta Süzen Zontaq (vaxtilə Yuqoslaviyanın bombalanmasına qarşı çıxmış Bodriyyarı tənqid hədəfi seçən intellektual) Handkeyə münasibətdə daha radikal idi: "Onu bitirmək lazımdır”. Əlbəttə, fiziki məhvdən söhbət getmir. Söhbət Handkeni bir yazıçı, bir ictimai xadim kimi bitirməkdən gedir. Bunun üçün isə ən sınanmış taktika şərləmək, təhqir etmək, ələ salmaqdır.

Nəhs kimi, Nobel komitəsində bu xəbərdarlığı başa düşmədilər - mükafatı Peter Handkeyə verməklə onu yenidən gündəmə gətirdilər.

***

77 yaşlı yazıçının əsərlərindən, bioqrafiyasından, Vim Venderslə dostluğundan heç nə yazmadım. Çünki mövzu fərqli idi - Yazıçı və onun ictimai mövqeyi. Sartrın söylədiyi "anqajement”.

Yazıçının ictimai-siyasi mövqeyi onun mükafatlandırılmasında rol oynamalıdırmı? - bu da bir başqa sualdır. Hər halda Borxesin Pinoçet və Videla ilə flirti onun nobelsiz qalmasında əsas səbəb kimi göstərilir.

Ancaq bir şey şəksizdir - yazıçı öz dövrünün fırtınalarından kənarda dayanıb fil sümüyündən düzəltdiyi qülləsində yaşamamalıdır. Zatən bu artıq mümkün də deyil... 

Kamyu yazırdı: "Şərə qarşı ya savaşırlar, ya da onunla əməkdaşlıq edirlər”. Neytralların nağılı bitib.

Və bu aksiomanı da qəbul tmək üçün əvvəlcə 2 dəfə 2-nin 4 olduğunu söyləməyə cəsarət tapmaq lazımdır...