Gülşən Mehdiyeva

Döngəni dönməmişdən əvvəl gözə dəyən ilk şey yolun başlanğıcında piştaxtaya düzülmüş qapqara iri üzümlər və onun qapqara geyinmiş, büzüşmüş, hərəkətsizlikdən soyuğu daha yaxşı hiss etməmək üçün yerində dayanmadan dingildəyən sahibi idi. Əvvəlcə ətrafındakı qırmızı, yaşıl, sarı, narıncı meyvələrin rəngini solğunlaşdıran, adamın düz gözünün içinə baxan qara üzümlər, daha sonra isə onunla birlikdə "qara bütöv”ü tamamlayırmış təəssüratı yaradan sahibi müvafiq olaraq "məni al”, "üzümü al” deyirdilər. Üzümdən gözünü çəkən zaman diqqət avtomatik və ardıcıl prosesin məntiqi davamı kimi "qara bütöv”ün digər hissəsinə sataşmaq və onun baxışları ilə dediyini görmək üçün can atırdı. Amma prosesi saxlamaq, xüsusi səy və qətiyyətlə baxışları satıcının hücumundan qorumaq məqsədilə yayındırmaq mümkünsüz deyildi.

Bir neçə ətir mağazasının qarşısında dayanmış ətirli kağızlar paylayan işçilər bir addım geri, bir addım irəli ataraq, əllərini aşağı-yuxarı edərək kağızları səkidən keçənlərə təklif eləyir, dayanmadan "Keçin baxın, 2-sini alana 1-i hədiyyə” deyirdilər. Bəxtləri gətirəndə "Almasanız da, girin baxın” deyərək yaxasından zorla yapışıb mağazaya saldıqları kimisə tapa bilirdilər. Səki boyu irəli-geri düzülmüş, müxtəlif məhsullarla doldurulmuş piştaxtalar isə ətir satmağa çalışanların addımları ilə harmoniya yaradırdı.

Yazın gəlişi təəssüratını yaradan parlaq günəşli havanın yaratdığı xoş təsiri soyuğun üzü kəsməsi, nəfəs almağa mane olması və tikililərin damından adamın başına və boynuna düşən buz kimi su damlaları məhv edirdi.

Rus və qaraçı dilənçilərlə dolu bu yerin bir tərəfində soyuq asfalta çökmüş qaraçı qadın azyaşlı qızın saçını düzəltməyə çalışırdı, sonra isə qəhvəyi, çirkli saçları yuxarı dartaraq əsəbi şəkildə fırlatmağa, qız isə yerində dövrə vurmağa başladı. Səsi aləmi bürüyən körpə çox az insanın diqqətini cəlb etdi, çünki digər tərəfdən gələn əcaib uğultu bu naləni kəsdi. Təmir məqsədilə səkiyə qədər hasarlanmış yolun kənarlarında ora-bura hərəkət edən pişiklər istədikləri oyunu çıxarır və heç kim onlara mane olmurdu. Əlil arabasında olan qoca dilənmək məqsədilə hasara söykənmiş vəziyyətdə qoyulmuş və hadisə bundan sonra baş vermişdi. Tüklərinin qalınlığı, görünüşündəki toppuşluq boyunun uzanması ilə əlaqədar yoxa çıxmağa yeni başlamış ağ-boz rəngli, iri qulaqlı, 3-4 aylıq pişik balası hasar boyunca əylənməklə məşğul idi. Həyatı kəşf etməyə hələ yeni başlamış, hər şeyə maraq göstərən bu canlı əlil arabasına qısılmış, köhnə və boz geyimli, qara papaqlı, qısa boylu, uzun burunlu və uzun ağ saqqallı qocaya uzanmağa təzə başlamış qısa əlləri ilə ilişməyə başladı. Boz gödəkçənin papağına dırmaşan pişik balası ayaqları ilə axırıncı addımı ataraq gödəkçənin papağında özünə yer eləyib oturdu və bir neçə saniyə ətrafa nəzər yetirdi. Bala oynamaq üçün dilənçinin başındakı qara papağa hücum çəkdi və qocanın başını əlləri ilə qucaqladı, caynaqlarını, ağzını açdı və əlil arabasının sahibinin səsi ətrafı bürüdü. Bədəninin idarəsini çoxdan itirmiş bu şəxs özünü sağa doğru dartmaq, üzünü səslədiyi şəxsə doğru çevirmək istəyirdi, lakin yalnız sağ istiqamətdə önə çıxan uzun çənəsindən tüpürcək axa-axa yüksək səslə əksəriyyət üçün qeyri-müəyyən sözlər deyə bildi.

Yolun qurtaracağında yan-yana kiçik addımlarla irəliləyən cüssəli şəxs və onun yarısı boyda olan kişi səs-küyə geri boylanaraq reaksiya verdilər. Özü kimi iri qəhvəyi rəngli palto, geniş qəhvəyi pencək-şalvar geyinmiş, böyük qəhvəyi rəngli şərf taxmış şəxs yanındakı dar göy cins şalvarı əynindən düşürmüş təəssüratı yaradan, saçları jeledən, əllərindəki saysız-hesabsız aksesuarlar günəşdən parıldayan və rəqs edirmişcəsinə burcudaraq addımlayan kiçiyə yüksək səslə müraciət etdi:

- Bilirsən nə istəyirəm?

- ...

- Qəşəng qaraçı qızı. Təşkil edə bilərsən mənimçün?

- Nöş düzəltmirəm?! Doludu hər yer. Keçən dəfə gördüyün var idi e şəhərdə, yadındadı?

- Bilmirəm ki.. Yadımdadı?

Kiçik boylu kişi qadın ədası ilə əllərini yuxarı qaldıraraq ciyiltili, incə, şən əhval-ruhiyyədə olduğu aydın hiss edilən səsi ilə dilləndi:

- Ədəə, ölmədin ki.. Pişikdi dəə. Balacadı özü də. Oynayır özüyçün, heç nə eləməz..

Qocanın səsi bu cavabdan sonra zəifləməyə və uzaqdan gələn uğultunu xatırlatmağa başlamışdı ki, növbəti səs-küy aləmi bürüdü. Az əvvəl körpə qızı yerində döndürən qadının qucağı meyvələrlə dolu idi. Bədəninin əsas hissəsini önə verən qadın bir əli ilə koftasından düzəltdiyi "səbət”dəki meyvələri qucaqlayır, meyvələrin arxasınca gəlmiş "qara bütöv”ün hissəsi olan satıcıya məhəl qoymadan digər əli ilə meyvələri "qəhvəyi rəngli yekəpər"ə fırladır, əsəbdən eybəcərləşmiş ağzından cürbəcür söyüşlər çıxırdı. Sürətlə parlaq günəş işığı altında havada fırlanıb yerə düşən yaşıl, narıncı, qırmızı, sarı rəngli meyvələrin əksəriyyəti hədəfə dəymədən yerə düşdü və diyirlənməyə başlayaraq səfərlərinə yerdə davam etdilər. Silahı qurtaran qadın səsinin tonunu azaldaraq deyinə-deyinə əvvəlki yerinə keçdi və körpə qızı əsəbi şəkildə özünə tərəf dartaraq qucağına qısdı. Sifətinin ifadəsi əvvəlki normal vəziyyətinə qayıtmayan qaraçı nifrət dolu gözlərini "qəhvəyi rəngli”yə zilləyib dodağının altında deyinirdi.

"Qəhvəyi yekəpər” yanındakına:

- Bu qaraçı qızları da dəlidi ee.

- Gicdi dəə.

- Əşşii, nə isə. Bunlardan uzaq durmaq lazımdı. Az qalırlar adamı öldürsünlər.

Piştaxta sahibləri əlləri ciblərində aralarında danışa-danışa lağlağı edir, meyvələri göstərərək qaraçı qadına müraciətlə, amma üzlərini ona tutmadan danışırdılar:

- Gəl bunları da götür at, onsuz da alan yoxdu, bir işə yarayarlar.

Elə bu vaxt yoldan ötənlərdən biri əlində ətirli kağızlar tutan hündürboy oğlanın yaxasından əsəbi şəkildə tutub onu özünə çəkdi, bir neçə saniyə keçəndən sonra oğlanı itələyərək zəif, amma qəzəbli səslə dilləndi:

- Almıram da, rədd ol o tərəfə.

Pişik isə qara papaq taxılmış başda oturmuşdu. Quyruğunu qocanın sifətinə sallayaraq əl-üzünü yuyur, arada bir oynamaq üçün həvəs göstərməyə cəhd edir, lakin yavaş-yavaş yuxu onu tuturdu. Bütün bu hadisələr baş verən zaman o, bədənini baş üstündə rahatlayaraq mürgüləməyə hazırlaşırdı...

Qaynarinfo.Az