Video 13:05 16.09.2019

Piyadaların ölümünə səbəb olan tikintilər (VİDEO)

Piyada səkilərinin tikintilər tərəfindən zəbt olunması və təhlükəsizliklə bağlı hər hansı bir tədbirin görülməməsi insanların həyatını təhlükəyə atır. Getmək üçün yol tapa bilməyən insanlar isə məcbur qalıb avtomobil yolu ilə hərəkət edir. Bu da onların həyatı üçün çox böyük təhlükədir.

Qaynarinfo xəbər verir ki, bununla bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

Sakinlər bildirib ki, heç bir yanda qoruyucu zolaqlar yoxdur, təhlükəsizlik qaydalarına əməl edilmir. 

"Tikmək, qurmaq yaxşıdır. Ancaq müəyyən normativləri də gözləsələr yaxşı olar. Misal üçün ora yüngülvari qoyublar. Ordan yuxarı yoxdur. Olsa pis olmaz" deyə sakinlərdən biri bildirib.

Ekspertlərin sözlərinə görə, tikinti sahələrində bütün potensial təhlükə riskləri nəzərə alınmalıdır. Əgər çoxmərtəbəli bina inşa olunursa, onun ətrafında qoruyucu çıxıntılar olmalıdır.

Ekspert Elmar Nurəliyevin sözlərinə görə, taxtadan məhəccərlər qurulmalıdır: "Bu həm işçinin ehtiyatsızlıqdan yıxılmasının qarşısını alar, həm də orada çalışan işçinin əlindən hər hansı bir əşya, mal-materialın ehtiyatsızlıqdan aşağı düşərək ordan keçən piyada, əmlak və ya maşına bir zərər verməsinin qarşısını alar. 2-ci növbədə tikinti sahəsində olan qaldırıcı kranlar, dəmiz və taxta konstruksiyalardan ibarət olan qoruyucular möhkəm və dayanıqlı bərkidilməlidir. Onun etibarlı olmasına əmin olmaq lazımdır. Həmin dəmir, taxta konstruksiyaların, kranların quraşdırılmasında küləyin həmin istiqamətdə tutma sürətini nəzarətdən keçirmək lazımdır ki, daha etibarlı olsun".

Müşahidələr göstərir ki, əksər tikintilərdə bu qaydalara əməl edilmir. Məsələn, elə yaşayış binalarının arasında olan tikintidə, nə qoruyucu çıxıntılar var, nə də ki hasarın üzərində hər hansı bir qoruyucu sədd çəkilib. Burada hər an hər hansı bir faciəvi hal baş verə bilər".

"İndi elə obyektlər olur ki, imkanları olmur. Onlar çəpərlənmənin üstündən "kazerok" düzəltməlidir. İnsanların təhlükəsizliyini təmin etməlidir. Bu əsas şərtlərdən biridir. Bir də 1 mərtəbə aşağıdan mütləq qoruyucu lövhə olmalıdır ki, yuxarıdan düşən cisim aşağı düşməsin, orda qalsın" deyə tikinti şirkətlərindən binini iş icraçısı Sulhiddin Bağırov bildirib: 

Xatırladaq ki, ötən həftə paytaxtda binalardan birinin iri şüşə parçasının yerə düşməsi 2 nəfərin ağır xəsarət alması ilə nəticələnmişdi. Bu, ilk belə hal omadığı kimi, sonuncu da olmaya bilər. Ona görə, xüsusən çox mərtəbəli binaların yanından keçərkən, ayağımızın altına baxdıgımız kimi, başımızın üstünə də baxaq. Əks halda sonluq daha faciəvi ola bilər.