Amal Abuşov 
 
Mənim uşaqlığım kənddə keçib, 90-cı illərin əvvəllərinə təsadüf edib. Həmyaşıdlarım və məndən böyüklər o günləri xatırlayarlar. Uzun müddət "keçid dövrü” adlandırılan günlər. SSRİ və onun adıyla bağlı olan hər nə vardısa dağılmışdı. Yerində yeni heç nə yaradılmadığı üçün, yaradılmasına zaman gərəkdiyinə görə çətinlik çəkirdik. Özü də sözün əsl mənasında. Allaha şükür ki, indiki uşaqlar bunu bilməzlər.

Yay tətilim çörək növbəsində keçərdi. Evin sonbeşiyi olduğum üçün belə işlərə məni göndərərdilər. Rəhmətlik Firudin kişini sürdüyü (dünyasını dəyişdiyini təxmin edirəm, amma dəqiq bilmirəm. Sağdırsa belə, sağlığında rəhmət qazanmış insan idi) QAZ-53-ü səbrsizliklə gözləyirdik. Mağazanın ətrafındakı ağaclıqların altı, köhnə tikililərin içi adamla dolu olardı. Çoxu da mənim həmyaşıdlarım. Yalnız qulluğa göndərməyə uşaq tapılmayan evlərdən çörək növbəsinə yaşlılar gələrdi. Qıtlıq dövrü olduğundan sovetdən qalma kənd mağazasında çörəkdən başqa heç nə satılmırdı. Elə ona görə də mağazanın həndəvərindəki bu qələbəlik ancaq çörək gələnə və satılıb qurtarana qədər davam edirdi. 

Firudin kişinin sürdüyü və xoş çörək ətri yayılan QAZ-53-ü mərkəzi yoldan dönən kimi kölgəliklərə sığınanlar mağazanın qapısına toplaşardılar. Hamının bir-birini tanıdığı kiçik kəndimizdə növbə üstündə dava düşməzdi. Çünki kimin-kimdən əvvəl gəldiyi hamıya məlum idi. Xırda istisnaları nəzərə almasaq, bu növbəyə də əməl olunardı. Tələskənlikdən və ya hövsələsi çatmadığına görə kimsə növbəni pozurdusa, digərləri onu yola verərdi, qalmaqal yaratmazdılar. Çörək üçün uzun növbə yaransa da, sonda hamıya çörək çatırdı. Düzdü, üçdən artıq çörək də heç kimə satılmırdı...

...Yeni ili qızdırmalı, bir az da bikef qarşıladım. Yanvarın ilk günü də həmin kefsizliyim davam edirdi, üstəlik hava da gəzmək üçün əlverişli deyildi. Amma ertəsi gün buludların arasından parlayan günəş və uşaqların təkidi məni evdən çıxmağa vadar etdi. Gəzmək, bayram tətilində balacaların könlünü xoş etmək üçün son imkan idi. "Fəvvarələr meydanı”nda bir qədər dolaşdıq, ordan Nizami küçəsinə tərəf yönəldik. Az sonra pizza satılan kafelərin birinin qarşısında ayaq saxladıq. Həm ac idik, həm də yorğun. İçəri daxil olanda ikimərtəbəli kafedə əməlli-başlı qələbəlik olduğunu gördüm. Amma alt qatda küncdəki masalardan biri boş idi. Elə həmin o masanın ətrafında oturduq. Başımız dadlı pizzalardan yeməyə o qədər qarışmışdı ki, qələbəliyin artmasından xəbərimiz olmayıb. Bir də gördüm ki, xeyli sayda qadın-uşaq-kişi kafeni "işğal edib”, yuxarıya qalxan pilləkənlərin üstü də yarıya qədər dolu idi. Ayaqüstə qalan adamlar səbrsizliklə masaların boşalmasını, dərhal da özlərini həmin masaların ətrafına çatdırmağı gözləyirdilər.

Düzü, bu mənzərədən bir az narahat olduq. Uşaqlara da dedim ki, tikələrini tez yesinlər, başqaları da yemək istəyir. Yeməyi bitirəndən sonra böyük oğlumla əllərimizi yumaq üçün pilləkənə doğru istiqamətləndik. Ofisiant sanitar qovşağın yuxarıda olduğunu demişdi. Elə yenicə pilləkənlə addımlayırdıq ki, ortayaşlı qadınlardan birinin qolumdan tutduğunu hiss etdim. Eşitdiklərimdən isə əməlli-başlı şok keçirdim: "Hara gedirsiz? Bizim növbəmizdi!” Uşaq da qorxmuşdu, düşündü ki, həmin qadın indi bizi pilləkəndən aşağı dartacaq, hələ üzümüzə sillə də vuracaq. "Ay xanım, qolumuzu buraxın, biz əlimizi yumağa gedirik” – dedim. 

"Pizza növbəsi” çörək növbəsindən daha amansız imiş. Orda dayananlar pizzanı daha tez yemək üçün bir-birini didməyə, ətindən də pizza bişirməyə hazır görünürdülər. Kafenin inzibatçısı pilləkəndə izdihamın qarşısını kəsib, növbəyə nəzarət etməyə çalışırdı. Amma heç də uğurlu alınmırdı. Məkanı tələsik tərk etdik, özümüzü evə çatdırdıq.

Allah bizi bir daha çörək növbəsində dayanmağa məcbur etməsin!