Ekonomiks 14:11 14.10.2019

Planlaşdırılmış təmir zamanı NEZ-in fəaliyyətinin dayandırılmasında Rusiya təcrübəsi (ŞƏRH)

Oktyabrın 4-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) planlaşdırılmış təmir işləri ilə əlaqədar Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) işini dayandırıb. Planlaşdırılan təmir işləri ilə yanaşı, BNEZ-də modernizasiya və yenidənqurma işləri də davam etdirilir. Zavod oktyabrın 24-də fəaliyyətini bərpa edənə qədər ölkənin yanacağa daxili tələbatının BNEZ anbarlarında mövcud olan qalıqla təmin ediləcəyi planlaşdırılır. Ehtiyac olacağı halda benzin müvəqqəti idxal edilə bilər.

Qeyd edək ki, hökumət ölkədə benzin qiymətlərini sabit saxlamaq üçün xüsusi tədbirlər görür. Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişiklik edib. Baş Nazir Novruz Məmmədovun imzaladığı sənədə görə, 2019-cu ilin sentyabrın 1-dən Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib. Dəyişikliyə əsasən, qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib.

Nazirlər Kabinetinin digər qərarı ilə Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib. Bu qərarlar 90 gün müddətində qüvvədə qalacaq.

Rusiya Energetika və Maliyyə İnstitutunun iqtisadiyyat şöbəsinin rəhbəri Marsel Salixov "Report"a bildirib ki, Rusiyanın bəzi regionlarının da NEZ-in planlı təmiri zamanı yanacaq daşınması təcrübəsi var, lakin bu dövrdə qiymətlər artır.

"Bu problem Rusiyada əsasən Uzaq Şərq və Şərqi Sibir üçün aktualdır. Orada bir bölgədə yalnız bir zavod fəaliyyət göstərir. Məsafə də kifayət qədər böyük olduğundan digər bölgələrdən neft məhsullarının daşınması baha başa gəlir", - o deyib.

"Daha təkmil zavod texnoloji cəhətdən zəif olanla müqayisədə bir ton neftdən daha çox məhsul istehsal edəcək. Bu, emal iqtisadiyyatını yaxşılaşdırır"
 

Ekspertin fikrincə, istənilən ölkədə istənilən NEZ-in planlı təmiri, adətən, hər il həyata keçirilən və bir neçə gündən bir neçə aya qədər davam edə bilən standart prosesdir.

"Modernizasiya və texniki yenidənqurma işlərinin də eyni vaxtda aparıldığı zaman təmir daha çox çəkir. Rusiyada standart qaydada emal zavodları təmirə bağlanırlar. Çünki daha təkmil zavod texnoloji cəhətdən zəif olanla müqayisədə bir ton neftdən daha çox məhsul istehsal edəcək. Bu, emal iqtisadiyyatını yaxşılaşdırır", - M.Salixov bildirib.

Rusiyanın təcrübəsi barədə danışan ekspert vurğulayıb ki, bir qayda olaraq təmir dövründə Rusiya digər ölkələrdən yanacaq idxal etmir.

"Adətən, təmir dövrü üçün planlaşdırılmış tələb əsasında əlavə yanacaq tədarükü edilir. Rusiyada təmir müddətində əhalinin ehtiyacları ölkə daxilindəki digər bölgələrin emal zavodları hesabına təmin olunur. Çünki yanacaq idxalı iqtisadi cəhətdən sərfəli olmur. Rusiyanın iri şirkətlərinin bir neçə zavodu fəaliyyət göstərir və ona görə də yükü onlar arasında bölüşdürə bilirlər. Başqa sözlə, zavodlar müxtəlif vaxtlarda təmirə bağlanır", - deyə M.Salixov fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Azərbaycanda benzin Heydər Əliyev adına NEZ-də istehsal olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, zavod 2018-ci ildə 1 milyon 185,6 min ton Aİ-92 markalı avtomobil benzini istehsal edib. 2019-cu ilin yanvar-avqust aylarında istehsal göstəricisi 818,2 min ton olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% çoxdur.