Ölkə 22:31 16.10.2013

Polad Bülbüloğlu: "Rusiyaya nota göndərəcəyik"

Azərbaycan sabah Rusiyaya nota göndərir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ölkədə baş verən qalmaqallı qətllə bağlı fikirlərini “Dojd” telekanalı ilə bölüşüb. “Qafqazinfo” xəbər verir ki, səfir məsələyə indiyə qədər münasibət bildirməmələrini “Qurban bayramı” ilə əlaqələndirib və iki gün iş günü olmadığını xatırladıb: “Bundan əvvəl isə Azərbaycanda prezident seçkiləri keçirildi. Səfirliyimizdə azərbaycanlılar səs verdilər. Son baş verən xoşagəlməz hadisəni dərk etmək üçün vaxt lazımdır. Bunlar mənim üçün iki fərqli hadisələrdir. Həmin oğlanın öldürülməsi və meyvə-tərəvəz bazası ilə bağlı olan bütün bu olaylar. İlk olaraq həlak olan şəxsin ailəsinə başsağlığı verirəm. Dərin təəssüf hissi ilə çatdırmaq istəyirəm ki, belə bir hadisə baş verdi və bunda hansısa azərbaycanlının adı hallanır. Ona görə hallanır dedirəm ki, günahkar olub-olmamasını ancaq məhkəmə deyə bilər. Dünən təsadüfən efirdə onun qardaşının çıxışını izlədim, çox yaxşı oğlandır, çox düzgün sözlər dedi. Maşında radioda hadisənin baş verməsinə səbəb olan qız danışdı və dedi ki, ona görə millətlərarası  problemlərin yaranmasını istəmir. Bir şey demək istəyirəm. Sabah Rusiya XİN-nə nota göndərəcəyik. Konsulluq yardımı tələb edəcəyik. Cinayətdə ittiham olunan şəxsə vəkil, tərcüməçi verilməlidir, hər şey qanun çərçivəsində olmalıdır. 

Əgər bunu o edibsə ən yüksək cəzaya layiqdir. Bu olayı eşitdiyimiz ilk dəqiqələrdə bizim buradakı rəsmi DİN nümayəndəmiz də prosesə qoşuldu. Rusiya tərəfinə bildirdik ki, Azərbaycan cinayətkarın tutulmasında bütün yardımı göstərməyə hazırdır. Əgər Azərbayvan vətəndaşı şübhəli bilinirsə, əgər o hansısa yolla geri qayıtmaq istəsə dərhal bütün tədbirlər görüləcək və Rusiya tərəfinə məlumat veriləcək”.

Səfir eyni zamanda cinayətdə şübhəli bilinən birinə qarşı sərgilənən davranışı, onun Rusiya DİN rəhbərinin hüzuruna gətirilməsini də şərh edib və pisləyib: “Bu çox vacib məqamdır. Məişət zəminində baş verən cinayətdir.  Dünyanın istənilən meqopolisində gündə belə cinayətlər olur. Baxın görün bunun ətrafında necə  isteriya yaratdılar. Bu gün Rusiyada bir azerbaycanlı, Ruslan Arif oğlu Qaraxanlı öldürülüb. Amma biz bundan isteriya yaratmadıq... Azərbaycan Rusiyanın  strateji partnyorudur.  Putinin səfəri də bunu təsdiq etdi. Belə məişət zəminində cinayətlər olub, olur və olacaq”. 

Qaynar.info