Ölkə 10:05 12.12.2019

Politoloq “3 qiymət alanların terrorçu olması” iddiasına izahat verdi

V çağırış üzrə YAP-çı deputat, politoloq Elman Nəsirov növbəti dəfə sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında tənqid hədəfinə tuş gəlib. Bu dəfə o, 3 qiyməti alan gənclərin potensial terrorçular olduqları barədə səsləndirdiyi fikirlərə görə qınaq obyektinə çevrilib.

Onun fikirlərindən sitat: "Əla qiymətlə oxuyan gənclər terrorçu olmurlar, 2 qiymətlə oxuyanlar da olmurlar. 3 qiymətlə oxuyan gənclər potensial terrorçudurlar. Belə gəncləri də dövlətə qarşı istifadə edirlər. Demokratik dövlətlərdə yaşayan gənclər əsasən 5 qiyməti alanlardır. 2 qiymətlə oxuyan gənclər totalitar, avtoritar cəmiyyətlərin nümayəndələri olur və belə cəmiyyətlərdə terrorizm, radikalizm üçün real şərait olmur”.

E.Nəsirov barəsində gedən kampaniyaya öz feysbuq profilində cavab verib: "Dekabr ayının 10-da ”Zorakı ekstremizm ilə mübarizə: birgə tərəfdaşlıqla dayanıqlığın gücləndirilməsi" mövzusunda keçirilən konfransda səsləndirdiyim bir fikir bəzi populist və qərəzli mövqeli informasiya resursları tərəfindən qəsdən təhrif edilib. Əvvəla, dövlətimizə və dövlətçiliyimizə qarşı radikal mövqedə dayanan siyasi qruplaşmaların sifarişi ilə məni ittiham edən bəzi "psevdomedia” nümayəndələrinin nəzərinə çatdırmaq istəyirəm ki, sizdən fərqli olaraq bu konfransda müzakirə olunan məsələlərlə bağlı mənim kifayət qədər elmi-nəzəri və praktiki biliklərim vardır. Həmin məsələlərlə bağlı 3 monoqrafiyanın, 100-ə yaxın elmi məqalənin müəllifiyəm.


Elman Nəsirov: "Terrorizm problemi ilə məşğul olan əksər mütəxəssislər məhz belə mülahizələrə üstünlük verir”

Konfransda çıxışımın təhrif olunmuş hissəsi ilə bağlı onu qeyd edim ki, mövqeyim "ABŞ və beynəlxalq terrorizm problemi. 2001-2010-cu illər” mövzusunda tədqiqat əsərimin 51 və 53-cü səhifələrində əks olunmuş elmi yanaşmalardan qaynaqlanır. Həmin mülahizələrin müəllifi isə ABŞ-ın nüfuzlu Harvard Univeristetinin professoru Alberto Abadidir.

Kitabın müvafiq yerindən sitat gətirirəm:

"Beləliklə, terrorizm fenomeninin ”anatomiyası" ilə bağlı yuxarıda apardığımız təhlil və analizləri ümumiləşdirib, onun yaranması və genişlənməsi motivləri ilə bağlı yoxsulluğu, savadsızlığı, psixoloji patologiyaları, ölkədə demokratiyanın səviyyəsini, coğrafi arealı, dinin rolunu və s. kimi amilləri irəli sürmək mümkündür. Terrorizm problemi ilə məşğul olan əksər mütəxəssislər məhz belə mülahizələrə üstünlük verirlər. Obyektivlik naminə onu da qeyd edək ki, bu amillərin terrorizmin yaranmasında rolu məsələlərinə münasibətdə elmi-akademik dairələrdə heç də birmənalı mövqe mövcud deyildir. Başqa sözlə, bir çox nüfuzlu ABŞ terroloqları terrorçuluğa münasibətdə belə yanaşmaların ziddiyyətli və paradoksal məzmun kəsb etdiyini qeyd edirlər...."

"Məsələn, Abadinin fikrincə, mütəşəkkil terrorçuluğun yaranmasına əhalinin siyasi azadlıqlarının səviyyəsi xeyli dərəcədə təsir göstərir. Onun qənaətinə görə, terrorizmə heç də ”əlaçılar" və "qeyri kafi alanlar” yox, "kafi” və "yaxşı” alanlar meylli olurlar. Əhalinin yüksək azadlıq səviyyəsi və ya totalitar rejimlərin mövcud olduğu ölkələrdə terrorçuluğun yaranması imkanları siyasi azadlıqların orta səviyyəsinin qeydə alındığı cəmiyyətlərlə müqayisədə daha məhduddur. Eyni zamanda tarix göstərir ki, avtoritar cəmiyyətlərdən demokratiyaya keçid dövrü və liberallaşma prosesləri terrorçuluğun artması üçün münbit şərait yaradır.

Beləliklə, ABŞ ekspertinin gəldiyi nəticəyə görə, demokratik və totalitar cəmiyyətlərdə terrorizm üçün münbit şərait olmur, keçid dövrünü yaşayan dövlətlərdə isə bunun əksi baş verir. Bu nüfuzlu bir elm mərkəzinin ekspertinin gəldiyi nəticədir və mən də elm adamı olaraq onun fikrini səsləndirmişəm. Gəlin elmi polemika ilə məşğul olaq. Bu, inkişafa aparır. Şər və böhtan isə bizə yaraşmaz".

Kamran Əsədov: "Milli Qəhrəman Mübariz İbrahimovun bütün qiymətləri 3 olub”



Təhsil eksperti Kamran Əsədov deputatın fikirlərinin istənilən halda qüsurlu olduğunu söylədi: "Qeyd edim ki, orta təhsil məktəblərində şagirdlərin qiymətləndirilməsi onların birbaşa potensiallarını əks etdirmir. Dünyada kifayət qədər istər siyasət, istər iqtisadiyyat, istərsə də özəl sektor olsun, uğur əldə etmiş insanlar var ki, onlar, ümumiyyətlə, heç məktəb oxumayıblar. Yaxud da məktəb illərində onların qiymətləri müsbət olmayıb. Kifayət qədər yüzlərlə məktəbi qurtarmamış, amma insanlıq, cəmiyyət, elm, texnologiya üçün böyük işlər görmüş insanlar var. Kiminsə orta və ya ali məktəbi yüksək qiymətlərlə bitirməsi həmin şəxsin əmək bazarının tələblərinə cavab verən potensial kadr olması demək deyil. Konkret misal çəkim. Mark Zukerberqin ”Facebook"undan hamı istifadə edir. Amma adamın heç ali təhsili belə yoxdur. Dünyada bu tipli minlərlə insan var ki, nə orta, nə də ali təhsil alıblar. Amma kifayət qədər uğurlar mövcuddur. Deputatın dedikləri Azərbaycan və dünya üçün tamamilə uyğunsuz ifadələrdir.
 
Təəssüflər olsun ki, bir millətin vəkili, elmi, potensialı yüksək olan bir şəxs belə fikirlər səsləndirir. Ali təhsil məktəbinə 700 balla daxil olan şəxs o demək deyil ki, maksimum dərəcədə savadlıdır. Məsələn, Azərbaycanda 30 min şagird ana dilindən iki qiyməti alır. Bu o demək deyil ki, onların hər biri potensial terrorçudur. Yaxud bütün terrorçuların hamısının orta məktəbləri zəif qiymətlərlə bitirdiklərini demək mümkündürmü? Üsamə bin Ladeni misal göstərək. Dünyanın bir nömrəli terrorçusu idi. Amma ən yüksək universiteti bitirmişdi. Dünyanın terrorçu elan etdiyi digər şəxslər var ki, onların hər birinin böyük elmi dərəcələri, adları var. Kiminsə dininə, savadına, etnik mənsubiyyətinə görə ayrı-seçkilik edilməsi ən yanlış bir ifadə tərzidir. Xüsusilə ictimaiyyət tərəfindən qəbul edilmiş şəxslər ifadələrində diqqətli olmalıdırlar. İstənilən ölkədə 2 qiyməti alanlar potensial terrorçular ola bilməzlər. Dünyada 2 milyona yaxın şəxs, ümumiyyətlə, təhsil ala bilmirlər. Dünyanın bütün ölkələrində təhsil almaq imkanı olmayan şəxslər var. İndi belə çıxır ki, onların hamısı potensial terrorçudur? Bu birmənalı şəkildə yanlış yanaşma tərzidir. Bunları heç bir halda müsbət qəbul etmək olmaz. Orta təhsil müəssisələrində təhsil alanların 30%-nin qiyməti 3 və ya 4-dür. 20%-nin qiyməti tamamilə üçdür. Sizə bir rəqəm də deyim. Hər il 4 min şagird sinifdə qalır. İndi bunları potensial cinayətkar sayaq? Deputatın dedikləri çox ağır ittihamdır. Bu, qanunvericiliyin Cinayət Məcəlləsinə tövsiyə edilə biləcək ağır ittihamdır. İndi bir misal da çəkim. Milli Qəhrəman Mübariz İbrahimovun bütün qiymətləri 3 olub. Amma Azərbaycan üçün necə böyük işlər gördüyünü hər kəs bilir. Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarını verən o qədər insanımız var ki, təhsillərini aşağı qiymətlərlə başa vurublar".
 
Mənbə: "Yeni Müsavat”