Politoloq: “Həmsədrlər heç olmazsa bir cümlə yazmalıydılar ki...”

Politoloq: “Həmsədrlər heç olmazsa bir cümlə yazmalıydılar ki...”

ATƏT-in Minsk Qrupunun həmsədrləri sentyabrın 8-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində "yerli seçkilər”in keçirilməsinə münasibət bildiriblər.

ATƏT-in Kommunikasiya və Media Əlaqələri Departamentindən APA-ya daxil olan məlumatda bildirilir ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağ əhalisinin öz gələcəyi barədə qərar qəbul etmək rolunu tanıyır: "Lakin Dağlıq Qarabağ nə ATƏT-in Minsk qrupu ölkələri, nə də digər ölkələr tərəfindən müstəqil və suveren ölkə kimi tanınır. Bu "seçkilərin” nəticələrinə də Dağlıq Qarabağın hüquqi statusuna təsir edən amil kimi baxılmamalı, heç bir halda bu nəticələr Dağlıq Qarabağın yekun statusuna və münaqişənin davamlı və sülh yolu ilə həlli istiqamətinə yönəlmiş hazırkı danışıqların nəticələrinə xələl gətirməməlidir. ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə davamlı həllində tərəflərə kömək etməyə qətiyyətli şəkildə sadiq olaraq qalır”.

Qeyd edək ki, bu ilin 8 sentyabr tarixində Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "yerli özünüidarəetmə seçkiləri” keçirilib. Azərbaycan XİN bu "seçkiləri” kəskin pisləyib. Gürcüstan XİN də "seçkiləri” tanımadığını bəyan edib.



"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu həmsədrlərin bəyanatından ortaya çıxan nəticələr barədə musavat.com-a bunları bildirib: "Birincisi, bəyanatda da vurğulandığı kimi, "həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağ əhalisinin öz gələcəyi barədə qərar qəbul etmək rolunu tanıyır”. Yəni beynəlxalq vasitəçilər demək istəyirlər ki, "axı ermənilər özlərini necəsə idarə etməlidirlər və biz buna normal yanaşırıq”. İşğal altındakı torpaqlarda qanunsuz olsa da, hansısa "idarəetmə” forması qəbul edilsə belə, həmsədrlərin bəyanatında bölgədə yaşamalı olan azərbaycanlılardan söhbət açılmır. Axı, etnik təmizlik aparıldıqdan sonra bölgədə həyata keçirilən istənilən "seçki” yalnız bir etnosun maraqlarına cavab verir və verəcək. Həmsədrlərin bəyanatında bu barədə bir kəlmə də yoxdur. Əslində həmsədrlər məsələyə ədalətli yanaşaydılar, heç olmazsa bir cümlə yazmalıydılar ki, "gələcəkdə iki icmanın birgə keçirəcəyi seçkilər bölgə əhalisinin tamamının maraqlarını təmin edəcək””.

E.Şahinoğlunun fikrincə, digər tərəfdə, həmsədrlər bu bəyanatlarında Azərbaycanı iki cümlə ilə sakitləşdirməyə çalışıblar: "Ancaq Dağlıq Qarabağ nə ATƏT-in Minsk qrupu ölkələri, nə də digər ölkələr tərəfindən müstəqil və suveren ölkə kimi tanınır. Bu "seçkilərin” nəticələrinə də Dağlıq Qarabağın hüquqi statusuna təsir edən amil kimi baxılmamalı, heç bir halda bu nəticələr Dağlıq Qarabağın yekun statusuna və münaqişənin davamlı və sülh yolu ilə həlli istiqamətinə yönəlmiş hazırkı danışıqların nəticələrinə xələl gətirməməlidir”. Yaxşı cümlələrdir, ancaq nə faydası? Gələn il separatçılar "prezident” seçkisi də keçirəcək və həmsədrlər bu bəyanatı olduğu kimi təkrarlayacaqlar, yeganə fərq "yerli seçkilər” ifadəsinin "prezident seçkisi” ifadəsiylə əvəzlənməsi olacaq. Münaqişənin həlli yerindən tərpənmədiyi kimi təkrarlanan bəyanatlarda da yeni heç nə yoxdur”.



Qeyd edək ki, bundan bir gün əvvəl keçmiş həmsədr Metyu Brayza da tərəfləri güzəştlərə çağırmışdı. 

Hələlik rəsmi Bakı məsələyə reaksiya verməyib.
XƏBƏRLƏR
BLOGLAR