Siyasət 11:08 03.03.2018

Politoloq: "Qarabağda müharibə tarixi yaxınlaşır"

"Erməni saytları az qala hər gün Dağlıq Qarabağın ətrafını necə məskunlaşdırdıqlarına, Xocalı, Laçın və Kəlbəcərdə infrastruktur formalaşdırdıqlarına dair xəbərlər yayırlar. Sonuncu xəbər bundan ibarətdir ki, Göyçə-Kəlbəcər-Ağdərə yolu boyu bir neçə yerdə ictimai iaşə obyekti tikiləcək. Geniş plan hazırlanıb. Bir sözlə, separatçılar onlara aid olmayan torpaqlarda iş yerləri açırlar".

Qaynarinfo xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. O, bu xəbərlərin bir hissəsinin dezinformasiya olduğunu istisna etməsə də, ermənilərin hər şeyin yolunda getdiyini təlqin etməyə çalışdıqlarını bildirib:
 


"Birincisi, erməni separatçılarının işğal altındakı rayonlarda həyata keçirdiyi məskunlaşma və müəssisələr açılması siyasəti qanunsuzdur, beynəlxalq vasitəçilər duruma müdaxilə etməlidir, çünki həll planlarına görə həmin rayonlar əsl sakinlərinə qaytarılmalıdır.

İkincisi, erməni separatçıları işğal altındakı torpaqlarda bu siyasəti davam etdirərlərsə, Azərbaycan Ordusu buna qarşı müvafiq tədbirlər görəcək.

Üçüncüsü, Ermənistan hakimiyyətinin və erməni lobbisinin işğal altındakı torpaqlarda apardığı məskunlaşma və tikinti işləri müharibə tarixini yaxınlaşdırır”.

Politoloq onu da əlavə edib ki, Türkiyə ordusunun bu gün Suriyaya müdaxiləsinin iki başlıca səbəbi var:

"Birinci səbəb budur ki, terrorçular Türkiyə sərhədindən uzaqlaşsın. İkinci səbəb isə odur ki, Afrin və Menbiç həqiqi sahiblərinə qaytarılsın. Orada indi kürdlər yaşayır, halbuki bu ərazilər döyüşlərdən əvvəl ərəblərə və türkmanlara məxsus idi. Türkiyə bu haqsızlığı ortadan qaldırmaq istəyir. Bu, Azərbaycan üçün də örnək olmalıdır ki, Dağlıq Qarabağda etnik təmizlənmənin nəticəsi olaraq məskunlaşma və infrasturktur çalışmaları ilə barışlmayacaq”.