Ölkə 14:53 07.05.2013

“Polkovnikin xəzinəsi”ndən xəbər var

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında “Polkovnikin xəzinəsi” adlı yeni filmin istehsalına start verilib. 

Kinostudiyanın direktoru Müşfiq Hətəmov Qaynar.info-ya bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkiləcək filmin rejissoru Əməkdar incəsənət xadimi Fikrət Əliyev, ssenari müəllifi yazıçı İlqar Fəhmidir. 

Rejissor Fikrət Əliyev isə ssenarinin yazılması ilə bağlı maraqlı açıqlama verib: “Filmin ideyası yarananda fikirləşdim ki, ssenarinin daha maraqlı alınması üçün müşahidəyə ehtiyac var. Bu səbəbdən 10 gün Bilgəhdəki “Qocalar evi”nin “sakin”inə çevrildim. Sözsüz ki, ora nə məqsədlə gəldiyimi baş həkimdən başqa heç kim bilmirdi. Hamı məni adi sakin kimi qəbul edirdi. Mən də insanlarla təmasda olurdum. Onlar öz dərd-sərlərini mənimlə paylaşırdılar. Orada tərtib etdiyim gündəliyi gətirib İlqar Fəhmiyə verdim və ssenariyə əlavə etdik”. 

P.Əliyeva