Video 22:49 02.04.2018

Pomidorun qiyməti niyə bahadır? (VİDEO)

Bazarlarda pomidorun kiloqramı 4-6 manatdır. Halbuki, ötən il bu vaxtı qiymətlər xeyli aşağı idi. Bu il pomidorun qiymətinin bu qədər baha olmasının səbəbləri nədir? Meyvə-tərəvəz istehsalçıları və ixracatçıları assosiasiyasının sədri məsələyə aydınlıq gətirib.

Paytaxt bazarlarında pomidorun 1 kiloqramının qiyməti 4-6 manat arasında dəyişir.

Satıcıların sözlərinə görə, bu məhsulun topdansatış qiyməti yüksək olduğundan onlar da məcbur bu qiymətə satırlar.

Halbuki, ötən ilin müvafiq dövründə pomidor alıcılara təxminən 3 manatdan təklif edilib.

Azərbaycan meyvə-tərəvəz istehsalçıları və ixracatçıları assosiasiyasının sədri Bəşir Quliyev isə deyir ki, bu il mart-aprel ayı üçün istehsal gözləniləndən aşağı olub.Bu da qiymətlərin baha olmasının başlıca səbəbidir.

Bəşir Quliyevin sözlərinə görə, bu qiymət artımı müvəqqəti xarakter daşıyır. Yaxın 1-2 həftə ərzində 1 kiloqram üçün qiymət 1 manat 50 qəpiyə qədər enəcək.

Kənt Təsərrüfatı Nazirliyində isə "Xəzər Xəbər”ə bildirilib ki, xaricə daha çox məhsulun göndərilməsi qiymətələrə öz təsirini göstərib. Bu da müvəqqəti xarakter daşıyır.