İdman 11:59 28.11.2018

"Portu"nun baş məşqçisi "Qarabağ"ı delfinə bənzətdi

"Qeyri-idman şərhçisindən fantastik, amma ziddiyyətli bir şey eşitdim. Məsələn, "Şalke 04”ün "Qarabağ”dan zəif olduğunu söylədi”.

Qaynarinfo xəbər verir ki, bunu Portuqaliyanın "Portu” klubunun baş məşqçisi Serjiu Konseysau Almaniyanın "Şalke 04” klubu ilə keçirəcəkləri Çempionlar Liqasının V tur matçından əvvəl mətbuat konfransında deyib.

"Mən buna əhəmiyyət vermirəm. Amma televiziyada bu cür danışmaqla "Portu”nun gördüyü işləri minimuma endirmək cəhdi məni hirsləndirir. Bu, normal hal deyil" deyə baş məşqçi əlavə edib.

Serjiu Konseysau "Sportinq”lə müqayisədə daha çətin qrupa düşdüklərini bildirib. O, "Sportinq"lə eyni qrupda yer alan "Qarabağ"ı delfinə, rəqiblərini isə köpək balığına bənzədib: "İki köpək balığının və iki delfinin olduğu qrupdan çıxmaq asandı. Biz isə daha çətin və balanslı qrupa düşmüşük”.

Qeyd edək ki, Çempionlar Liqasının D qrupunda yer alan "Portu” 10 xalla liderdi. Komanda "Şalke 04”lə görüşdə bir xal qazanacağı təqdirdə, "Lokomotiv” (Rusiya) – "Qalatasaray” (Türkiyə) matçının nəticəsindən aslı olmayaraq, 1/8 finala yüksələcək.

Avropa Liqasında mübarizə aparan "Qarabağ” isə noyabrın 29-da Bakı Olimpiya Stadionunda Portuqaliyanın digər təmsilçisi "Sportinq”i qəbul edəcək. Qarşılaşma saat 21.55-də başlayacaq.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!