Ölkə 16:27 06.07.2018

Prezident bir daha sübut etdi ki...

İyulun 4-də Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirə bir çox qaranlıq məsələlərə aydınlıq gətirdi. İlk növbədə qeyd etmək lazımdır ki, enerji müşavirəsi dövlət başçısı İlham Əliyevin ölkədə baş verən hadisələrdən detallı məlumatlı olduğunu bir daha sübut etdi. Həmçinin Prezidentin rəsmi informasiya mənbələri ilə yanaşı alternativ informasiya vasitələrini də izlədiyi ortaya çıxdı. Belə ki, Prezidentin sözügedən müşavirədən etdiyi çıxışında baş verən hadisələr fonunda əhalinin yaşadığı problemləri xüsusi olaraq vurğulaması İlham Əliyevin prosesləri müxtəlif informasiya mənbələri hesabına nəzarətində saxlamağa çalışdığını göstərdi. Ən önəmlisi isə dövlət başçısının Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza zamanı ölkənin qaranlığa qərq olunmasının nəticələrini soyuqqanlı və səlis məntiqlə açıq ifadə etməsi ondan xəbər verir ki, İlham Əliyev mövcüd problemləri  və problemlərin aradan qaldırılması yollarını yaxşı bilir.

Müşavirədə etdiyi çıxışında sadə əhalinin yaşamış olduğu problemlərə xüsusi diqqət yetirməsi insan faktorunun Prezident İlham Əliyev üçün nə qədər böyük önəm daşıdığını göstərmiş oldu.  Xüsusi ilə "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev və səhiyyə naziri Oktay Şirəliyevin çıxışlarına İlham Əliyevin verdiyi sərt reaksiya bunu bir daha sübut etdi.

Prezidentin Etibar Pirverdiyevə "Siz, sadəcə olaraq, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar” və Oktay Şirəliyevə " İndi səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib. Məndə olan məlumata görə bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar işləməyib, ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb. Ona görə, siz gərək ciddi təftiş aparasınız, bütün ölkə üzrə xəstəxanalarda generatorların mövcudluğu və onların işlək vəziyyətdə olması haqqında həm komissiyaya, həm də mənə məruzə etməlisiniz” sözləri işlərinə səhlənkar yanaşan bu məmurlara ciddi xəbərdarlıq sayıla bilər. 

İlham Əliyevin son günlər baş verən hadisələr zamanı vətəndaşların davranışlarını təqdir etməsi də diqqət çəkdi: 

"Onu da qeyd etməliyəm ki, Azərbaycan vətəndaşları bu məsələ ilə bağlı böyük məsuliyyət, böyük vətəndaş həmrəyliyi göstərmişlər. Bütövlükdə Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bilmişdir. Fürsətdən istifadə edərək, bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bilirəm ki, vətəndaşlar bir-birlərinə kömək göstərmişlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur”.

Həqiqətən də son hadisələr zamanı Azərbaycan insanının sərgilədiyi davranışlar alqışa layiqdir. İstər metro tunellərindən təxliyə edilmiş sərnişinlərə sadə əhalinin göstərdiyi qayğı, istərsə də yaşanan problemlər fonunda sadə əhalinin anlayışlı davranması göstərdi ki, Azərbaycan vətəndaşları ən ali bəşəri dəyərlərə sahibdir. 

Prezident yanında keçirilən enerji müşavirəsi yaşanan fövqəladə vəziyyətlərdə dövlət qurumlarının  işini necə yerinə yetirdiyinə də aydınlıq gətirdi. Belə ki, istər daxili işlər naziri Ramil Usubovun, istərsə də fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müşavirədəki çıxışları hər iki yüksək çinli məmurun yaşanan eksterimal vəziyyətdə  vəzifə səlahiyyətlərini profesionallıqla yerinə yetirdiyini göstərdi. Prezident də çıxışında hər iki qurumun fəaliyyətini yüksək qiymətləndirməsi təsadüf deyildi:  "Fövqəladə Hallar Nazirliyi təxliyə işlərini tez və düzgün şəkildə aparmışdır. Vətəndaşlar metrodan təxliyə edildi. Liftlərdə qalmış vətəndaşlar təxliyə olundu. Xilasedicilər çox uğurla fəaliyyət göstərdilər. Daxili işlər orqanları çox operativ şəkildə fəaliyyətə keçmişlər. İlk növbədə, asayişin qorunub saxlanması məsələləri gündəlikdə idi. Eyni zamanda, işıqforların işləməməsi nəticəsində böyük təhlükə var idi ki, şəhər nəqliyyatı idarəolunmaz vəziyyətə düşə bilərdi. Polis əməkdaşları yol kəsişmələrində uğurlu fəaliyyət göstərərək yol hərəkətini tənzimləyə bilmişlər”.
 
Bununla belə, bu müşavirə Azərbaycanda həllini gözləyən kifayət qədər ciddi problemlərin də olduğunu göstərdi. Prezidentin qeyd etdiyi kimi, ölkənin enerji sisteminin bir qəza ilə çökməsi dövlətin beyin mərkəzləri üçün həyəcan siqnalı olmalıdır. Belə ki, müharibə vəziyyətində olan ölkənin enerji təhlükəsizliyinin dayanıqlı olmaması haqlı suallar doğurur.  Son 20 ildə ölkəmizdə elektrik enerjisinin istehsalı, ötürülməsi və bölüşdürülməsi sahəsinə qoyulan 6,66 milyard manatlıq (DSK-nın rəsmən elan etdiyi məlumat - red) sərmayə müqabilində ölkənin bir anda zülmətə qərq olması bu sahədə ciddi korrupsiyanın olduğunu deməyə əsas verir. Prezidentin müşavirədə səsləndirdiyi kimi bu sahəyə nəzarət edən şəxslər vəzifə səlahiyyətlərinə əməl etməmiş və yumşaq desək, səhlənkarlıq ediblər. İyulun 3-də Mingəcevir İES-də baş verən 2-ci qəza bir daha göstərdi ki, "Azərenerji” ASC-nin rəhbərliyi professional mütəxəssislərlə çalışmayıb və yüksək vəzifələrdə çalışan şəxslər merkantil maraqlar fonunda təyin edilib. Mütəxəssis rəyləri və rəsmilərin dediyindən məlum olur ki, baş verən qəza birmənalı olaraq korrupsiyanın fəsadından başqa bir şey deyil. Şübhəsiz ki, Prezident İlham Əliyevin tapşırığı ilə yaradılan dövlət komissiyası ölkənin qaranlığa qərq olması səbəblərini dəqiqliklə araşdırıb, müvafiq tədbirlər görəcək. Və günahkarlar layiq olduğu cəzanı alacaqlar. 

"Qaynar" Analitik Qrupu