Siyasət 10:20 17.04.2013

Prezident Eldar Həsənovu təltif etdi


Rumıniya prezidenti Trayan Basesku AR Rumıniyadakı diplomatik missiyasının başa çatması ilə əlaqədar Eldar Həsənovu öz iqamətgahında qəbul edib.

Azərbaycanın Rumıniyadakı səfirliyindən verilən məlumata görə, təkbətək görüşdə Rumıniya Prezidenti Azərbaycanla Rumıniya arasında strateji tərəfdaşlığın önəminə diqqət çəkərək, münasibətlərin bu səviyyəyə gəlib çatmasında səfir kimi Eldar Həsənovun fəaliyyətini yüksək qiymətləndirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Öz növbəsində Eldar Həsənov səfir missiyasını maneəsiz həyata keçirməsi üçün yaradılmış əlverişli mühit, imkana və dəstəyə görə prezident Trayan Baseskuya, Rumıniya dövlətinə dərin təşəkkürünü bildirib, ölkələrimiz arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə edib.
 
Daha sonra AR Rumıniyadakı səfirliyinin kollektivi, eləcə də Rumıniyadakı Azərbaycan və türk-tatar diasporunun fəal üzvlərinin iştirakı ilə Eldar Həsənovun rəsmi təltif etmə mərasimi keçirilib. Eldar Həsənov Rumıniya prezidenti Trayan Baseskunun qərarı ilə ikitərəfli əlaqələrin hərtərəfli inkişafına verdiyi xüsusi töhfə ilə əlaqədar "Xidmətlərinə görə” Böyük Xaç dərəcəli milli ordeni ilə təltif edilib.
 
Təltif mərasimindəki çıxışı zaman cənab Trayan Basesku Rumıniya Azərbaycan əlaqələrinin inkişafını Avropa İttifaqının Xəzər regionu ilə siyasi, iqtisadi əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini, məhz Azərbaycan sayəsində Rumıniyanın Türkmənistan, Özbəkistan, Qazaxıstanla daha da güclü əlaqələrinin yaradılmasına nail olduğunu qeyd edib. O, Nabucco və AGRİ kimi regional enerji layihələrinin inkişafında əldə olunmuş nailiyyətlərin məhz Eldar Həsənovun Səfir olduğu müddətdə təsadüf etdiyini məmnunluqla vurğulayıb, Şahdəniz-2 fazasında Rumıniyanın "Romgaz” şirkətinin iştirakının Azərbaycan dövləti, AR prezidenti İlham Əliyev tərəfindən dəstəklənməsini iki ölkə arasında etibarlı əlaqələrin bariz nümunəsi kimi qiymətləndirib. Prezident Eldar Həsənovun iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafındakı xidmətlərini xüsusi vurğulayaraq, qısa dövr ərzində Səfirin təşəbbüsü ilə Rumıniya və Azərbaycanın dahi şair və yazıçılarının 60-a yaxın kitablarının tərcümə edildiyini, rumın pyeslərinin Azərbaycan teatrlarında səhnələşdirildiyini bildirib. Dövlət başçısı həmçinin, hər iki ölkənin tarixi şəxsiyyətlərinin əbədiləşdirilməsində Eldar Həsənovun xidmətlərini təqdirəlayiq hal kimi yüksək qiymətləndirib. Sonda prezident Eldar Həsənovun səfirlik missiyasının unudulmaz xoş təəssüratlar buraxdığını qeyd edib.
 
Daha sonra çıxış edən Eldar Həsənov prezident Trayan Baseskunun səmimi və xoş sözlərinə görə, eləcə də ona layiq görülmüş yüksək təltifə görə öz təşəkkürünü bildirib. Eldar Həsənov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Rumıniyaya səmimi dost münasibətini işində hər zaman rəhbər tutaraq 12 illik Səfir fəaliyyətində ikitərəfli əlaqələrin dinamik inkişafı istiqamətində var gücü ilə çalışdığını, qısa müddət ərzində strateji tərəfdaşlığın yaradılması və onun həyata keçirilməsi üzrə fəaliyyət planının imzalanmasının sevindirici hal olduğunu diqqətə çatdırıb, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Rumıniya dövlətinin və şəxsən prezident Trayan Baseskunun hər zaman nümayiş etdirdiyi obyektiv, ədalətli və dəstəkçi mövqeyinə görə minnətdarlığını bildirib.

APA