Ekonomiks 18:20 17.07.2018

Prezident iki sərəncam imzaladı: 8 milyon manat ayrıldı

Prezident İlham Əliyev "Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamla "Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasir standartlara uyğunlaşdırılması və sözügedən abidənin ərazisində müasir turizm infrastrukturunun yaradılması məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə 1,2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Prezident Qəbələ rayonunun Nic–Mıxlıqovaq–Yemişanlı–Uludaş–Tikanlı–Abrıx avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb.

Sərəncamla 11 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Nic–Mıxlıqovaq–Yemişanlı–Uludaş–Tikanlı–Abrıx avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.