Ekonomiks 18:00 10.01.2018

Prezident: "İqtisadiyyata 14,6 milyard sərmayə qoyulub, 221 min iş yeri açılıb"

"Davos İqtisadi Forumu 2017-ci ildə Azərbaycanı rəqabətqabiliyyətliyliiynə görə 35-ci yerdə göstərib. Ölkəmiz bu baxımdan MDB məkanında liderliyini qoruyur”.
  
Qaynarinfo xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. 

Dövlət başçısı deyib ki, 2017-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsul və qeyri-neft sektoru artıb: "Qeyri-neft sənayesində 3,6 faiz  kənd təsərrüfatında 4,1 faiz artım əldə olunub. Valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb”.
  
Prezident qeyd edib ki, ötən il bir çox önəmli layhə icra edilib: "Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. İxrac 19 faiz, qeyri-neft ixracı 24 faiz artıb. İdxalın sabit səviyyədə qalması böyük nəticədir. Hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Regionların inkişafı daim diqqət mərkəzində saxlanılıb. Keçən il 30-dan çox rayona səfər edərək verilən tapşırıqların icrası ilə yerindəcə tanış olmuşam. Bölgələrdə yeni müəssisələr açılıb. Keçən il 177 min daimi olmaqla, 221  min yeni iş yeri açılıb. İşsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsində qərarlaşıb. Bu isə dünya səviyyəsində ən yaxşı nəticələrdən biridir”.

Dövlət başçısı deyib ki, keçən il infrastruktur layihələrinin icrası diqqət mərkəzində saxlanılıb, elektrik təchizatı yaxşılaşdırılıb, bölgələrdə qazlaşdırma işləri sürətlə aparılıb: "Keçən il kənd təsərrüfatının inkişafı üçün önəmli tədbirlər görülüb. Bundan əlavə, keçən il 1300 km avtomobil yolu, o cümlədən 500-dən çox kəndə yeni yol çəkilib. İçməli su layihələri uğurla icra edilib. 133 yeni məktəb və 30 tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunub, iki olimpiya kompleksi istifadəyə verilib”.
 
İlham Əliyev qeyd edib ki, məcburi köçkünlərlə bağlı məsələ də həllini tapıb, 2300 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb: "Cocuq Mərcanlının bərpası tarixi hadisədir. Şıxarx qəsəbəsində aparılan quruculuq işləri böyük əhəmiyyət daşıyır”.