Xəbər lenti

Prezident işdən çıxartdığı məmurun başı dərddə: həbs oluna bilər
Siyasət 20:01 24.04.2018

Prezident işdən çıxartdığı məmurun başı dərddə: həbs oluna bilər

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Disapor ilə iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tutduğu vəzifədən azad olunub. Onun yerinə Milli Məclisin deputatı Fuad Muradov təyin edilib.
 
Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, yaxın günlərdə komitənin ötən dövrdəki fəaliyyətinin araşdırılmasına qərar verilib. Belə ki, büdcə vəsaitlərinin xərclənməsi, müxtəlif ölkələrdəki diaspor təşkilatlarına ayrılan vəsaitin təyinatdankənar istifadə olunması ilə bağlı ciddi araşdırma aparılacaq.
 
Bildirək ki, uzun zamandır Nazim İbrahimov və rəhbərlik etdiyi qurumdan narazılıq pik həddə idi. Çünki illlərlə diaspor fəaliyyətinə ayrılan vəsaitlərin göyə sovrulması həm müxtəlif ölkələrdə yaşayan soydaşlarımız, həm də hakimiyyət üçün problem yaradıb. Onun vəzifədən uzaqlaşdırılması da məhz bununla bağlıdır.
 
Yəqin ki, N.İbrahimov təkcə vəzifədən uzaqlaşdırılmaqla yaxasını qurtara bilməyəcək. Onun rəhbər olduğu dövrdə komitənin fəaliyyətinin araşdırılması və yoxlamanın nəticələrinə uyğun qərar veriləcək. Hətta onun məsuliyyətə cəlb olunması da istisna edilmir.
 
Digər bir xəbərdə isə bildirilir ki, Nazim İbrahimov bu situatsiyadan "təmiz” çıxmaq və qonşu ölkələrdən birinə səfir getməsi üçün çalışır. 

Bu arada Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Nazim İbrahimovun vəzifəsinin öhdəsindən gələ bilmədiyini deyib: "Diasporla İş üzrə Dövlət Komitəsinin işində narazılıqlar var idi, komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan prezident İlham Əliyevin də məlumatı var. Buna görə də, prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.

O xatırladıb ki, prezidentin növbəti sərəncamı ilə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub: "Cənab Prezident Fuad Muradovla görüşüb və ona konkret tapşırıqlarını verib. Gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə təyin olunması böyük əhəmiyyət kəsb edir”.

Ramiz Mehdiyev qeyd edib ki, Nazim İbrahimov rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: "Düzdür, komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”. 

Nazim İbrahimov isə unikal.org-a açıqlamasında bunları deyib: "Komitədə hər hansı maliyyə pozuntusu olmayıb. Amma Ramiz Mehdiyev bizim ağsaqqalımızdır. Onun fikirləri tərəfimizdən birmənalı olaraq qəbul olunur”.

N.İbrahimov bu iddialar əsasında fəaliyyətinin təftiş olunacağı barədə fikirlərini də bildirib: "Hər hansı maliyyə pozuntusu olmayıb, amma təftiş oluna bilər. Bizim işimiz göz qabağında olub. Hər zaman dövlətimizə, cənab prezident İlham Əliyevə sədaqətli olmuşam. Təftiş etmək, yoxlama aparmaq dövlətin işidir. Dövlət nə qərar verəcəksə, o da olacaq”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->