Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu gün Naxçıvan Muxtar Respublikasına səfərə edib.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı səfər çərçivəsində "Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışında iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlət başçısına layihə ilə bağlı görülən işlər barədə məlumat verib. Bildirilib ki, layihə üzrə tikinti işlərinin icrasına 2012-ci ildən başlanılıb. Layihəyə əsasən Şərur şəhərinə, Mahmudkənd kəndinə və Zeyvə kəndinin bir hissəsinə su şəbəkəsi, Şərur şəhərinə kanalizasiya şəbəkəsi çəkilib və ev birləşmələri aparılıb. Layihənin birinci mərhələsi ötən ilin dekabrında başa çatıb. Layihəyə əsasən Arpaçay subölücüsündə gölün dibindən 6 metr dərinlikdə eni 1,3 metr, hündürlüyü 2 metr, uzunluğu 134 metr olan qalereya tikilib. Qalereyanın su sərfi saniyədə 1150 litr təşkil edir. Buradan su anbarlarına qədər diametri 900 millimetr olan plastik boru ilə 1500 metr xətt çəkilib. Xətt üzərində bir ədəd suboşaldıcı inşa olunub. Qalereyadan gələn su dezinfeksiya olunaraq su anbarlarına yığılır və öz axını ilə əhaliyə fasiləsiz ötürülür. Layihə çərçivəsində hər birinin tutumu 10 min kubmetr olan iki ədəd və tutumu 7 min 500 kubmetr olan bir ədəd, cəmi tutumu 27 min 500 kubmetr olan su anbarları tikilib. Su anbarlarından Şərur şəhərinədək diametri 900 millimetrdən 630 millimetrə qədər olan borularla 9,5 kilometr uzunluğunda xəttin tikintisi aparılıb.

Bununla da Şərur şəhərində, Mahmudkənd kəndində və Zeyvə kəndinin bir hissəsində 13 min 500 nəfər Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə davamlı olaraq 24 saat təmin ediləcək. Dövlət başçısı "Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışını bildirən düyməni basıb. Prezident rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

İlham Əliyev daha sonra Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında iştirak edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Vasif Talıbov dövlət başçısına məlumat verib ki, altı mərtəbədən ibarət olan bu ali təhsil ocağında ümumilikdə 23 auditoriya var. Binada 4 kompüter otağı, 16 elektron lövhəli auditoriya, kitabxana və oxu, eləcə də elektron oxu zalları, rəngkarlıq və heykəltəraşlıq emalatxanaları var. Təsviri incəsənət, coğrafiya, musiqi, hərbi, tibb, Azərbaycan dili, ali riyaziyyat və informatika otaqları tələbələrin biliklərinin artırılması üçün bütün zəruri inventarla təchiz edilib. Binada psixologiya laboratoriyası, müəllim və tələbələr üçün bufet də yaradılıb. Tələbələrin ixtiyarına verilən idman zalında müasir qurğular quraşdırılıb. Binada 132 və 20 yerlik iclas zalları da var. Bu zallarda təhsil müəssisəsinin həyatında baş verən əlamətdar hadisələrlə bağlı müxtəlif tədbirlər keçirmək mümkündür.

Bina ilə tanışlıqdan sonra prezident ali təhsil ocağının kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Prezident həmçinin Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhər Qaraçuq ərazi dairəsində Əmiraslan Əliyev adına Sərhəd Dəstəsində yaradılan şəraitlə tanış olub.

İlham Əliyevə məlumat verilib ki, Əmiraslan Əliyev adına Sərhəd Dəstəsinin qərargah və yataqxana binası üç mərtəbədən ibarətdir. Binada rabitə, xidmət, silah, yataq otaqları, mətbəx, əsgər və zabit yeməkxanası yaradılıb. Binanın ikinci mərtəbəsində hərbçilər üçün 16 yerlik yataqxana, 48 yerlik əsgər yataqxanası və 4 yerlik zabit yataqxanası yerləşir. Burada ərzaq mağazası və əsgərlər üçün əlavə ləvazimatların satışı dükanı da hərbçilərə xidmət göstərəcək. Binada, həmçinin ikiotaqlı 4 mənzil də var.

Daha sonra prezident Əlahiddə Ümumqoşun Ordusunun "N” saylı hərbi hissəsindəki Təlim-Tədris Mərkəzində yaradılan şəraitlə tanış olub. Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev dövlət başçısına raport verib.

Yeni yaradılan hərbi hissədə əsgər yataqxanaları, Əsgəri-Məişət Kompleksi, Təlim-Tədris Mərkəzi, qərargah binası, xəstəxana inşa olunub, sıra meydanı, idman şəhərciyi salınıb.

Dövlət başçısı xəstəxana binasının rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, ən müasir tibbi avadanlıqla təchiz edilən üçmərtəbəli yeni xəstəxana binasında poliklinika-qəbul, terapiya, cərrahiyyə, anesteziologiya və reanimotologiya, təminat bölmələri və inzibati bölmə mövcuddur. Xəstəxananın poliklinika-qəbul bölməsində oftalmologiya, ginekologiya, lor, ultrasəs və elektroqrafiya kabinələri və laboratoriya fəaliyyət göstərəcək. Altmış çarpayılıq xəstəxana binasında şəxsi heyətə ilkin tibbi yardım göstərmək üçün sarğı, prosedur və təxirəsalınmaz yardım otaqları da yaradılıb. Xəstəxanada hərbi qulluqçuların qidalanması üçün hərtərəfli şərait var. Şəxsi heyətin tibbi biliklərinin daha da artırılması məqsədilə hərbi tibbi hazırlıq üzrə məşğələlər keçmək üçün müasir tədris vəsaitləri ilə təmin edilən sinif və mühazirə zalı mövcuddur. Buradakı laboratoriya müasir avadanlıqla təchiz olunub. Bu isə laborator müayinələri operativ və yüksək dəqiqliklə yerinə yetirməyə imkan verir. Bir sözlə, xəstəxanada əsgər və zabitlərə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hərtərəfli şərait yaradılıb. Bu tibb müəssisəsinin müasir avadanlıqla təchiz olunması Azərbaycanda ordu quruculuğu sahəsinin inkişafına göstərilən dövlət qayğısının əyani təzahürüdür. Bütün bunlar bir daha sübut edir ki, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev əsgər və zabitlərin sağlamlığının qorunmasına, həmçinin sosial məsələlərinin həllinə xüsusi həssaslıqla yanaşır və bu istiqamətində mühüm işlər görür.

Sonra İlham Əliyev silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olub. 

Dövlət başçısı həmçinin Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird yerlik 6 saylı tam orta məktəbin açılışında iştirak edib. Prezident məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsib, məktəbdə yaradılan şəraitlə tanış olub

İlham Əliyev Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin açılışında da iştirak edib. Vasif Talıbov dövlət başçısına kompleks barədə məlumat verdi.

Bildirilib ki, kompleks giriş nasos stansiyasından, hovuzlardan, inzibati, transformator, kompressor binalarından, suvarma üçün nəzərdə tutulan su hovuzundan ibarətdir. Burada, həmçinin iri tullantı tutucu, qum və yağ tutma, membran tipli təmizləyici, palçıqqurutma, havatəmizləyici qurğular quraşdırılıb. Ümumilikdə, bu qurğunun fəaliyyəti 121 min istifadəçini əhatə edir. İcrasına 2014-cü ildə başlanılan layihə ötən ilin oktyabrında tamamlanıb. Qurğunun xidmət sahəsi Naxçıvan şəhəri, Qaraxanbəyli, Qaraçuq, Bulqan, Hacıniyyət, Tumbul, Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərini əhatə edir. Bu qurğunun gücü gündə 32 min kubmetr və ya saniyədə 370 litrə bərabərdir. Kompleksdə bioloji fosfor təmizləmə hovuzu, oksigensiz hovuz, havalandırma hovuzu, suvarma su hovuzu inşa edilib. Buradakı hovuzların tutumu 25 min 650 kubmetrdir. Təmizləyici Qurğular Kompleksinin yerləşdiyi sahə 2,62 hektardır ki, bunun da 2 hektarı tullantıların saxlanması və qurudulması sahəsinə aiddir. Burada bioreaktor və membran tipli təmizləyici qurğu quraşdırılıb. Çirkab sutəmizləyici qurğu 3 mərhələli təmizləmə sistemindən ibarətdir. Kompleksdə təmizləmə prosesi fiziki, bioloji və membran təmizləmə üsulları ilə aparılır. Təmizlənmiş su isə ozonla dezinfeksiya olunaraq suvarma hovuzuna verilir. Layihənin icrası nəticəsində 500 hektar torpağın suvarılması mümkün olacaq.

Prezident kompleksi işə salıb.