Dünya 18:00 08.02.2013

Prezident seçkilərinin vaxtı dəyişdirilir?

Paruyr Ayrikyan seçkilərin başqa vaxta keçirilməsi xahişi ilə Konstitusiya Məhkəməsinə müraciət edəcək

Ermənistan prezidentliyinə namizəd, “Milli Müqəddəratı Təyinetmə” Birliyinin lideri Paruyr Ayrikyan seçkilərin vaxtının iki həftə sonrakı tarixə dəyişdirilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcək.

APA-nın məlumatına görə, bu barədə “Novosti-Armeniya”ya namizədin seçki qərargahının rəhbəri Manya Ayvazyan bildirib.

 Qeyd edək ki, yanvarın 31-də İrəvanın mərkəzində silahlı hücuma məruz qalan Ayrikyan çiyin nahiyəsində güllə yarası alıb və əməliyyat olunub.

 Konstitusiyaya əsasən, namizədlərdən birinin seçkilərdə iştirakı üçün dəfedilməz maneə yaranarsa, prezident seçkiləri iki həftə müddətinə təxirə salınır. Maneə aradan qalxmazsa, yeni seçkilər təyin olunur, səsvermə isə iki həftəlik müddət başa çatdıqdan qırx gün sonra keçirilir.

 Ayrikyan əvvəlcə səsvermənin tarixinin iki həftə uzadılması xahişi ilə Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırlaşsa da, fevralın 5-də bu fikrindən daşındığını açıqlayıb. Lakin namizəd bu gün jurnalistlərə bildirib ki, seçkiqabağı təbliğat kampaniyasında iştirak etmir və edə bilməyəcək: “Həkimlər bunu qadağan edirlər. Müzakirə edib bir qərara gələcəyimiz təxminən beş variant var. Əgər təbliğat kampaniyasında iştirak etmirsənsə, deməli namizəd vəzifəsini yerinə yetirmirsən”.