Foto 14:47 16.11.2018

Prezident Sumqayıtda açılışlar edib (FOTOLAR)

Prezident İlham Əliyev bu gün Sumqayıt şəhərinə səfərə gedib.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə görülən işlər haqqında dövlətimizin başçısına məlumat verib. Prezident müvafiq tapşırıqlarını verib.

İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında inşaat kimyəviləri zavodunun açılışında iştirak edib. İqtisadiyyat naziri Şahin Mustafayev prezidentə Sumqayıt Kimya Sənaye Parkında görülən işlər, parkın rezidentləri barədə məlumat verib.

Zavodun baş direktoru Adəm Yayla İlham Əliyevə müəssisə haqqında məlumat verərək bildirib ki, 2016-cı ilin martında rezident kimi qeydiyyata alınan zavod İsveçrə və Türkiyə texnologiyaları əsasında yaradılıb. İlkin mərhələdə müəssisənin illik istehsal həcmi 40 min ton tikinti qatqılarıdır. Zavodun məhsullarının Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və İrana ixracı nəzərdə tutulur. İnvestisiya dəyəri 3,5 milyon dollar olan layihə çərçivəsində 60 nəfər daimi işlə təmin olunacaq.

Prezident zavodu işə salıb.

Daha sonra prezident Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodunun açılışında iştirak edib.

Məhdud Məsuliyyətli Cəmiyyətin müşahidə şurasının sədri Rasim Məmmədov prezidentə əvvəlcə yaxın gələcəkdə inşası planlaşdırılan layihənin üçümcü fazası - fasonlu tökmələr zavodunun tikintisi barədə məlumat verib. Bu zavodda maşınqayırmada, kənd təsərrüfatında, dağ-mədən sənayesində istifadə olunan məhsullar istehsal ediləcək.

İlham Əliyev müəssisəni işə salıb.

Dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkında "Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabrikinin açılışında da iştirak edib.

"Tabaterra” QSC-nin direktoru Elman Cavanşir dövlətimizin başçısına məlumat verib ki, zavodda 3 formatda - ağır, yüngül və daha yüngül olmaqla beynəlxalq standartlara uyğun siqaret istehsal olunacaq və "Made in Azerbaijan” brendi altında istehlakçılara təqdim ediləcək. Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında qurulan fabrikdə il ərzində 3 növdə 11 milyard ədəd filtrli siqaretlər istehsal ediləcək. Bu isə ölkənin tütün məmulatlarına olan tələbatının 80 faizini ödəyəcək. Ümumilikdə, fabrikdə 13 brendin 80 çeşiddə məhsulunun istehsalı nəzərdə tutulur. Burada istehsal prosesi beynəlxalq keyfiyyət standartlarına tam uyğun surətdə aparılacaq. Ümumi dəyəri 48 milyon dollar olan layihə çərçivəsində 200 yeni iş yeri yaradılıb.

Dövlət başçısı müəssisəni işə salıb. Sonra prezident Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələrin kollektivlərinin nümayəndələri ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.