Prezident və xanımı İçərişəhərdə təndir çörəyi kəsdi (FOTOLAR)

Prezident və xanımı İçərişəhərdə təndir çörəyi kəsdi (FOTOLAR)

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva oktyabrın 14-də İçərişəhərlə tanış olublar.

"Qaynarinfo" xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov ali qonağa əvvəlcə Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə məlumat verib.

Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da Bolqarıstan prezidentində böyük maraq doğurub.

Gəzinti zamanı ali qonağa və nümayəndə heyətinin üzvlərinə YUNESKO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan abadlaşdırma və bərpa işləri barədə də məlumat verildi. Qeyd edildi ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri var və bunlar dövlət tərəfindən qorunur.

Prezident Rumen Radev Kiçik karvansaradakı Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət mərkəzində – “İncəsənət bağı”ndakı sənət nümunələrinə baxdı.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Prezident və xanımı isti təndir çörəyinə qonaq oldular.

Bolqarıstan Prezidenti Rumen Radev tanınmış rəssam Əli Şəmsinin emalatxanasında oldu, burada ona rəsm əsəri hədiyyə edildi.

Gəzinti zamanı qonaqlar orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar sarayı kompleksi ilə də tanış oldular.

Məlumat verildi ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. Abidə Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Bolqarıstan dövlətinin başçısı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

İçərişəhərlə tanışlıq prezident Rumen Radevdə və qonaqlarda xoş təəssüratlar yaradıb.

Qaynarinfo.Az






XƏBƏRLƏR
BLOGLAR