Sənət 18:01 21.05.2018

Prezident Yusif Eyvazova xalq artisti, xanımına “Dostluq” ordeni verdi

Prezident İlham Əliyev Yusif Eyvazova "Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamla Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Yusif Vilayət oğlu Eyvazova "Xalq artisti” fəxri adı verilib.

Qeyd edək ki, Yusif Eyvazov 1977-ci ildə Əlcəzairdə ziyalı azərbaycanlı ailəsində anadan olub. Onun valideynləri həmin dövrdə Sovet İttifaqının mütəxəssisləri qismində Əlcəzairdə işləyib. Atası metrologiya üzrə mütəxəssis, Bakı Dövlət Unversetinin professoru olub. Bakıda böyüyüb başa çatan və atasının yolunu davam etdirmək istəyən Yusif orta məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinə qəbul olub. Yusif Eyvazov 1996-cı ildə Bakı Musiqi Akademiyasına daxil olub, daha sonra təhsilini davam etdirmək məqsədi ilə 1998-ci ildə İtaliyaya, Milana gedib. Burada Franko Korelli, Luçano Pavarotti, Maqda Oliveri, Plaçido Dominqodan ustad dərsləri alıb. 2009-cu ilin aprelində Bakıda ilk solo konserti ilə çıxış edib. 2010-cu ildə Dövlət Akademik Böyük Teatrda Kavaradossi ("Toska” C. Puççini) obrazı ilə debüt çıxış edib. 

Yusif Eyvazov Kapriolo, Montanyana və Milan vokal müsabiqələrinin finalçısı və qalibi olub. 9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 

Prezident Yusif Eyvazovun xanımı Anna Netrebkonun "Dostluq” ordeni ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb. 

Sərəncamla Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Anna Yuryevna Netrebko "Dostluq” ordeni ilə təltif edilib.