Ölkə 18:11 11.08.2018

Prezidentin yaratdığı DOST Agentliyi nədir?

Azərbaycan prezidenti İlham Əliyev "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" (DOST) publik hüquqi şəxsin yaradılması ilə bağlı fərman imzalayaraq, agentliyin strukturu və hansı xidmətlərin göstəriləcəyinin siyahısının hazırlanmasına 2 ay müddət verib.

Fərmanda belə bir agentliyin yaradılması üçün məqsədin əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması göstərilir.

Bundan başqa agentlik innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılmasına görə yaradılıb.

Yeni agentlik həmçinin dövlət büdcəsinə artıq yük olan xidmətlərin ödənişli əsaslarla verilməsi üçün imkan yaradacaq, vəkil Emin İsayev deyib.

DOST Nədir?

Prezidentin fərmanına görə, yeni yaradılmış agentlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılır.

Agentlikdə təsisçinin "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini DOST Agentliyinin nizamnaməsinin və strukturunun təsdiq olunmasına, nizamnamə fondunun miqdarının müəyyən edilməsinə, habelə yenidən təşkili və ləğvinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, digər məsələlərə münasibətdə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

DOST Mərkəzi nədir?

DOST agentliyi "DOST" mərkəzlərini idarə edir, onların fəaliyyətinə nəzarət və qiymətləndirməni həyata keçirir.

DOST mərkəzi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, habelə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin həyata keçirilməsini təmin edəcək.

Fərmana görə, bu mərkəzlərdə xidmətlər "bir pəncərə", həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməlidir.

Vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi təmin edilməlidir.

Bundan başqa mərkəzlərdə vətəndaşlara xidmət göstərən əməkdaşlar üçün etik kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını və digər aidiyyəti bacarıqları inkişaf etdirən müxtəlif təlimlər həyata keçirilməlidir.

Növbəti 2 ay

Fərmanda deyilir ki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında iki ay müddətində DOST Agentliyinin nizamnaməsinin və strukturunun layihəsinin hazırlanmalı və ölkə prezidentinə təqdim edilməlidir.

DOST Agentliyinin nizamnamə fondunun miqdarı və işçilərinin say həddi ilə bağlı təkliflər, "DOST" mərkəzlərində göstəriləcək xidmətlərin siyahısını və həmin xidmətlərin "DOST" mərkəzlərində göstərilmə qaydasının layihəsi, həmçinin DOST Agentliyinin və onun strukturuna daxil olan "DOST" mərkəzlərinin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasının təmin edilərək Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə həvalə olunub.

Sənədə əsasən, Nazirlər Kabineti DOST Agentliyinin və "DOST" mərkəzlərinin fəaliyyətinin təşkili üçün onların inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatı məsələlərini bir ay müddətində həll etməlidir.

Bundan başqa qurum DOST Agentliyinin və onun strukturuna daxil olan "DOST" mərkəzlərinin fəaliyyətinin təşkilindən irəli gələn digər zəruri tədbirlərin görülməsini iki ay müddətində, DOST Agentliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.

Vəkil nə deyir?

Vəkil Emin İsayev hesab edir ki, DOST agentliyinin yaradılması ASAN xidmətin müsbət tendensiyasının davam etdirilməsi məqsədini daşıyır.

O deyir ki, burada önəmli məsələ yeni yaradılan qurumların publik hüquqi şəxs kimi təsis edilməsidir.

Publik hüquqi şəxslər doktrinası 200 il bundan əvvəl ilk dəfə Fransanın dövlət quruculuğunda yaradılaraq istifadə edilmiş və sonradan kontinental hüququn mərkəzi olan Almaniyada tətbiq edilməyə başlanıb, vəkil deyir.

Azərbaycanda publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydaları "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Publik hüquqi şəxslər ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.

Publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin.

"Görünür dövlət xərclərin azaldılması və dövlət qurumlarında çalışanların maaşlarının qaldırılması üçün bu yolun uğurlu olacağına inanılır. Belə ki, qanuna əsasən publik hüquqi şəxs həmçinin inzibati orqan kimi həm pulsuz, həm də pullu xidmətlər göstərə, özünü maliyyələşdirə bilər, ya da zərurət olduqda büdcədən maliyyələşə bilər", Emin İsayev deyir.

Onun sözlərinə görə, belə qurumların yaradılmasında əsas məqsəd dövlət büdcəsinə artıq yük olan xidmətlərin ödənişli əsaslarla agentliklər vasitəsi ilə verilməsidir.

Mənbə: BBC