Foto 22:52 01.05.2018

Professor: Himnin sözlərini dəyişmək zəruridir

Milli Məclisin Mədəniyyət komitəsinin nümayəndəsi Rafael Hüseynovun parlamentin iclasında Azərbaycan himnindəki səhvlərin düzəldilməsi təklifi həqiqət və ədalətin təntənəsi kimi cəmiyyət tərəfindən qəbul edilməlidir.

Bu sözləri Oxu.Az-a açıqlamasında filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu deyib.

Milli Məclisin deputatı R.Hüseynov qeyd edib ki, "Hüququndan keçən əsgər” misrası himnin 1918-ci ildəki variantında olmayıb. 

"Himndəki bu ifadə Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə əlavə edilib.

Düzdür, onlar bizim dəyərlərimizi yüksəltmək istəyirdilər, ancaq mətn çox sadələşdirilib. Nöqsanı aradan qaldırmaq lazımdır”, - professor deyib.

A.Bayramoğlunun fikrincə, deputatın təklifi haqlıdır:

"Biz alimlər, filoloqlar, professorlar bu məsələni geniş müzakirə etmişik. Məsələ burasındadır ki, bizim bugünkü himnimiz hərbi marş kimi yazılıb. Şeirin müəllifi isə Əhməd Cavad deyil. Dövlət himnimizin sözlərinin elə ilk baxışdaca Ə.Cavad poeziyasının ümumi ruhuna uyğun olmadığı duyulur.

1999-cu ilin fevralında "Respublika” qəzetində həmin şeir mətninin 1919-cu ildə Bakıda nəşr edilən "Milli nəğmələr” adlı şeirlər məcmuəsində "Vətən marşı” başlığı və "Cəmo bəy” imzası ilə çap edilməsi haqda yazı çıxandan sonra Dövlət himnimizin sözlərinin müəllifliyi ətrafında müzakirələr başlanıb. 

Himnin sözlərinin dəyişdirilməsinə gəlincə, "Milli nəğmələr” (Bakı 1919, s. 22) kitabında "Vətən marşı” başlığı altında dərc edilmiş mətnin orijinalı belədir:

Azərbaycan, Azərbaycan

Ey qəhrəman övladın şanlı vətəni. (2)

Səndən ötrü can verməyə cümlə hazırız.

Səndən ötrü qan tökməyə cümlə qadiriz.

Üçrəngli bayrağınla məsud yaşa. (2)

Minlərlə can qurban oldu,

Sinən hərbə meydan oldu,

Hüququn dərk edən əfrad

Hərə bir qəhrəman oldu.

Sən olasan gülüstan, sənə hər dəm can qurban.

Sənə bir çox məhəbbət sinəmdə tutmuş məkan.

Namusunu hifz etməyə, bayrağını yüksəltməyə

Cümlə gənclər müştaqdır.                                                ‘ .

Şanlı vətən.

Göründüyü kimi, şeirin səkkizinci misrasında hazırda himn kimi oxunan mətndən fərqli olaraq, "Hüququndan keçən əsgər” yox, "Hüququn dərk edən əfrad”, yəni fərdlər, nəfərlər deyilir.

Doğrudan da, hüququndan, o cümlədən sahib olduğu hər hansı şeydən keçən, ondan əlini üzən kimsə həmin məfhum və ya şey üçün mübarizə etməz, onu əldə etməyə və ya saxlamağa çalışmaz…

Bundan fərqli olaraq, hər kəs dəyərini dərk etdiyi və özününkü, ona məxsus olduğu anlayış, məfhum və ya şeyi əldə etmək üçün çalışıb-çabalayar, ölüm-dirim mübarizəsinə qalxar. Ona görə də mətnin orijinalında haqlı olaraq, hüququnu, haqqını dərk edən fərdlərin, nəfərlərin həmin azadlıq və istiqlaliyyət haqqı, hüququ uğrunda qəhrəmanlıq əzmi ilə mübarizəyə qalxdığı, qalxmağa qadir və qabil olduğu bildirilir.

Eyni zamanda, "hüququn dərk edən (hüququndan keçən yox!) əsgər” dedikdə, mətn məzmunca "vətən marşı”ndan çıxıb, "əsgər marşı”na çevrilir. Nəticədə məzmun və ideya-fəlsəfi tutumca məhdudlaşır.

Əslində, himn mətni təkcə əsgərlərin deyil, bütövlükdə vətəndaşların, dövlətin iradəsini ifadə edir və etməlidir. Mətnin orijinalı da bütün bu məzmun və mənanı ifadə etməsi ilə milli, fəlsəfi və ümumbəşəri tutumludur.

Beləliklə, müasir leksika, yeni redaktə ilə həmin misra "Hüququn dərk edən kəslər”, yəni fərdlər, nəfərlər şəklində verilsə, daha məntiqli və orijinala uyğun olardı. Elə bilirəm, mətndəki bu düzəliş, daha doğrusu, bərpa onun musiqi ahənginə, harmonik bütövlüyünə heç bir uyğunsuzluq, yad qamma gətirməz.

Nəticə olaraq dövlət himnimizin söz mətnini və müəllifliyini orijinal mətndəki kimi verməyi həm faktiki, həm məntiqi, həm də müəllif  hüququ baxımından doğru və ədalətli, eyni zamanda, Üzeyir bəyin seçiminə ehtiram hesab edirəm…”.

Professor redaksiyaya Camo bəy Hacınskinin "Vətən marşı” şeirinin orijinalının fotosunu da təqdim edib: