Ölkə 16:58 22.02.2018

Prokuror generalların rütbələrinin alınmasını, DTX-ya 1 milyon manat ödənilməsini istədi

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report”un xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən generalların rütbədən azad edilməsi barədə ölkə Prezdentinə, digər şəxslərin rütbəsi ilə bağlı müvafiq orqanlara təqdimat göndərilməsi istəyib.

Məhkəmə zərərçəkmişlərin mülki iddiaları ilə bağlı qanunauyğun olaraq qərar verilməsini tələb edib.

Bundan başqa, dövlət ittihamçısı təqsirləndirilən şəxslərə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 1 milyon manatlıq mülki iddiası təmin olunmasını istəyib.

Həmçinin o, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması ilı bağlı qanunauyğun olaraq qərar çıxarılması tələb edib.

Təqsirləndirilən şəxslərin vəkillıri çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses martın 1-nə təyin edilib.