Xəbər lenti

Pul haqqında ədəbi-psixoloji düşüncələr – Niyazi Mehdi yazır…
Sənət 12:58 26.06.2018

Pul haqqında ədəbi-psixoloji düşüncələr – Niyazi Mehdi yazır…

Niyazi Mehdi
 
Zövq və intellektual barbarlıq

Mənim yaşımda ciddi oxu və yazı problemi var. Yeni nəslə ləzzət verən hekayələr və romanların, şeirlərin çoxu məni tutmur. Ona görə yox ki, yeni nəsildən zövqlüyəm, hərçənd bəzən zövqlü ola bilirəm. Farsın "zövq" sözü bizim "dad" sözünün qarşılığdır, hərçənd bu da bir axmaqlıqdır, bəlkə də axmaqlıq deyil əcaiblikdir, yadın "zövq" sözünü yeməkdən uzaqlaşdırıb əsl estetik anlayışa çevirmişik, özümüzün "dad" kəlməsini isə bozbaşın, dolmanın orbitindən çıxarmamışıq. Sözümü davam edim: ona görə yox ki yeni nəsildən zövqlüyəm. Bəlkə ona görə ki, artıq, ağzımın dadını bilirəm. Uzun sürə türlü yeməkləri yeyən adamın ağzının dadını bilməsi nədir? Odur ki, ac adam kimi hər qabağına qoyulan yeməyə aldanmır. Çox roman, çox hekayə oxuyanlar da başlayırlar ağızlarının dadını bilməyə. Ona görə də roman və fəlsəfə aclarının "görməmişliyi" onlarda olmur. Bu söylədiyim sanki üstün zövq məsələsini açıb-ağardır. Ancaq bir qorxusu var ki, pis zövqə apara bilər. Bu qorxunu mən bir vaxtlar intellektual barbarlıq adlandırmışdım. Çox oxuyan adama yeni və gözəl nəsnələr az təsir edə bilər, çünki ona elə gələ bilər ki, bunun oxşarını qabaqlar oxuyub. Yəni yeni nəsnələri qabaqkı əsərlərin klonu (klounu yox ha, klonu) saya bilər. Bax, bu hal məni indi ədəbiyyat fanatı olmağa, musiqi ilə bağlı meloman olmağa qoymur, yəni intellektual barbar kateqoriyasına salır. Ancaq hərdən elə ədəbi nəsnələrə, elə musiqi havalarına rast gəlirəm ki, məni silkələyir. Silkələyəndə görürəm ki, yox o qədər də korlanmamışam. Beləcə, şeirdə məni Rafiq Tağının avanqard nəzm "beliberdası", nəsrdə Kamal Abdullanın "Yarımçıq əlyazma"sı, "Sehirbazlar dərəsi", Aydın Talıbzadənin "Əbühübb”, Seymur Baycanın "Qukark” romanları silkələyəndə gördüm ki, yaxşı əsərlərə həssaslığım qalıb.

Ancaq bu təsirli örnəklərə baxmayaraq, çağdaş Azərbaycan ədəbiyyatının bütünlükdə bir çatışmazlığını, eyibini bərkdən deməliyəm: bu ədəbiyyat yaxşı pul qazanmaq amacına köklənməyib. Bunun üçün ədəbiyyatda "zövq və qazanc", "hansı qazanc" konusunda dartşma yapılsaydı, yaxşı olardı. Elə pul qazanmaq hərisliyi də yazarlarımızı hər zövqdən pul çıxarmağa yönəldərdi. Onun üçün belə deycəm: çağdaş ədəbiyyatımız yaxşı, peşəkar erotik ədəbiyyatı, melodramı, detektivi ortaya qoysaydı, hər cür zövqdən pul qazanmış olardı.

Sözsüz, bu durum əndazaya çatanda böhran yaradır. Ona görə deyərdim: təki belə böhran yaranaydı və biz onunla bağlı narahatlığımızı car çəkəydik.

Ədəbiyyatda mövzu cürbəcürlüyü təkcə pul və zövq məsələsi deyil. O həm də üslub məsələsidir. Yazarlar bizim bədii dilimizi bütün həyat materiallarında işlətməlidirlər. Ancaq bizdə hələ də sevgili qız və oğlanlar adama ləzzət verən intonativ cizgilərdə danışa bilmirlər. Yəni hətta guya min ildir sevgi konusunda "ixtisaslaşmş" dilimiz romanlarda sevgililərin danışığı kimi biabırçı kasadlıqdadır. Sevgi məsələsində belə olan dilimiz, düşünün, ağıllı düşüncələr aydırmaq məsələsində nə halda olmalıdır.

Pul və ədəbiyyat

Dedim ki, pulsuzluq Azərbaycan ədbiyyatının ən ciddi "estetik" problemlərindən biridir. Əgər bizim yazarların oxucu sırasına Güneyin, Türkiyənin oxucuları qatılsaydı, yaxşı ədəbiyyat yaxşı pul gətirərdi (kitabın tirajına görə), o zaman pula hərislik görün nə qədər potensialı olan gənc yazarları yaxşı yazar edərdi.

Pul, həyasızlıq və utancaqlıq

"Deyirlər, "pul yaxşı ölçüyə gələn, yaxşı ölçən nəsnədir". Keyfiyyət "nəlik” və "necəlik”dirsə, kəmiyyət "neçəlik" və "nə qədərlik”dir. Azərbaycanda ən böyük kələk nəqədərliyi necəliklə, yəni sayı keyfiyyət aldanışları ilə gizlətməkdir. Tariximiz boyu nə qədər usta sifariş alanda müştəri keyfiyyət göstəricisi olan "yaxşı olacaq" deyib, işi bitirəndə isə ona qəpik-quruş verib. Sözsüz, Azərbaycanda "pulumu ver!" deyiminin həyasızlığı var. Ancaq Azərbaycanda, sözsüz, yaxşı adamların zəhmətlərinə görə pul istəməsinin utancaqlığı da var. Batıda honorarın, maaşın konvertdə verilməsi, məncə, daha çox pulun nə qədər olduğunu qıraqdan göz qoyanlardan gizlətməklə bağlıdır – qaydaları belədir. Bizdə isə xeyli nəcib adam var ki, əlini açıb halal pulunu almasını dilənçinin əl açması ilə anışdıraraq utanır, ona görə də bu konvert məsələsi dadına çatır.

Pul ölçü vahidi kimi

"Mən yaxşılıq edəcəm" cümləsinə baxanda "mən filan qədər adama filan qədər pul verəcəm" cümləsi daha aydındır. "Mən populyar siyasətçiyəm" deyiminə baxanda "Mənə filan qədər adam səs verib" deyimi daha aydındır (hərçənd seçki saxtakarlığı bu axırıncını heçə çevirir). "Mənim sənə yaxşı münasibətim var" cümləsi güc qazanır o zaman ki, bu yaxşı münasibətdən aldıqlarım ya bahalı nəsnələrdir, ya da dolayı olsa da yaxşı pullardır.

Pul və mənəviyyat

Mən indi pulun, kəmiyyətin önəmini açıram, ancaq sözsüz, elə mənəvi-dini hallar olur ki, insan pulun yerinə təbəssümə, sevgiyə üstünlük verir. Hərçənd bu dünyagörüşünə insanın gücü çatması çox çətindir. Örnəyin, insan Allaha sevgisinə görə başqalarına pislik edən pullu prokuror, polis rəisi vəzifəsindən imtina edə bilər. Ancaq çoxmu belə adam var?! Hətta aydın olur ki, şəhid kəmərini bağlayıb guya Allah yolunda ölümə gedənlərin arasında da elələri var ki, yoxsul ailəsinə pul çatacağına görə belə edir.

Həm İslamda, həm Xristianlıqda təriqətlər var ki, davamçılarını bir-birinə mənəvi bağlarla bağlamaq üçün pulla bağlayır. Bunu bizdəki missionerlikdə də görürük. Ancaq nə qədər deyinsələr də, heç də hər yerdə və hər kəsdə imanı puldan xilas etmək olmur: missionerləri pisləyən o qədər İslam dini xadimi var ki, getdiyi yasların pulunu çax-çuxa salır və yasa çağrılanda sevinir.

Pulun sayının keyfiyyətə keçməsi

Bizim dilimizdə "sayğı" sözü var, hörməti bildirir (Anadolu türklərində "sayın/sain" kimi). Bax, "sayğılı"da biz sayın keyfiyyətə keçdiyini görürük: səni saymaq səni seçməkdir, səni seçmək isə sənə hörmətdir. Necə ki yüksək maaş da adamı hörmətə mindirir.

İndi biz say ölçüsü olan puldan gerçəkliyimizə baxsaq, görərik ki, Azərbaycanda statistika bilgilərinin az, yalan və ya yarımçıqlığı keyfiyyətləri düşünmək imkanlarımızı aşağı salır. Əgər Bakı asfaltlarına xərclənən pulları təkrar asfalt çəkilmələrin sayı ilə tutuşdursaq, işin keyfiyyətini bilərik. Korrupsiyanın pul sayını bilsək, saxtalığın, iqtisadi əsası olmayan iqtisadi əməliyyatların sayını bilərik.

Ona görə də söyləyirəm: pul ən ciddi ölçü aracıdır və pul keyfiyyəti bilmək üçün ən yaxşı vasitədir.

Pul mexanizm kimi

Bu anlamda deyərdim ki, pul dünyada ən güclü mexanizmlərdəndir. "Mexanizm" latınca bir təkanı başqa proseslərə çevirən alətə deyilir. Puldan qurulmuş mexanizm də idealları, istəkləri lazım bildiyin proseslərə çevirir.

Biz mədəniyyəti yaman çox mənəviyyatla bağlayırıq, ancaq Hollivud timsalı göstərir ki, mədəniyyətdə, kinoda çoxlu pullar fırlananda mədəniyyət də yüksəlir. Mədəniyyətdə, konkret, ədəbiyyatda elitar olanlar pul gətirmir. Ancaq mədəniyyətdə çoxlu pullar fırlananda elitar üçün də pul tapılır. Necə ki "axmaq" bestsellerdən yaxşı pul qazanan nəşriyyat pul gətirməyən yüksək romanı da çap edə bilir – ən azı özünü hörmətli etmək üçün.

Bizim müəllimlərin ən sevdiyi şikayət tələbələrin oxumamasıdır. Ancaq mən deyərdim: əgər bizim öyrətdiyimiz biliklər tələbələrə pul gətirsə, oxuyarlar. Bunun üçünsə Azərbaycanda iki nəsnə olmalıdır: birincisi, biliklərə görə pul qazandıran iqtisadiyyat. İkincisi isə belə iqtisadiyyat olandan sonra müəllimə, məktəbə sual verilməlidir: niyə sənin verdiyin bilik pul gətirmir?!

Toplumda mənəvi nüfuz, düzlük, yaltaqsızlıq insana pul gətirən və ya pula gətirən sayğı qazandırırsa, toplumda şərəfli kəslərin sayı artır. Toplumda bütün bunlar olmursa, alçaqlıq dəbdə olmasa da murdar sayılmır.

Azərbaycanı pul düzəldəcəkmi?

Bütün bu söylədiklərimdən sonra məni çoxdan düşündürən bir nəsnəni deyim. Azərbaycanı nə siyasi partiyalar, nə siyasi ideyalar düzəldəcək. Azərbaycanı düzgün-doğru pul mexanizmi düzəldəcək. Eyni sözləri ədəbiyyat və incəsənətlə bağlı da deyərdim.

Ancaq "bizdə pul psixolojisi necə olmalıdır, pullar çax-çuxunda nələr baş verməlidir ki, elə olsun" sorusuna yaxşı iqtisadçılar cavab tapmalıdırlar.

Mənbə: Bakupost.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->