Ölkə 19:20 13.10.2019

"Öpüş" sözünün qrammatik təhlili: Ayıb sözlərimiz

Dilimizdə işlətdiyimiz bir çox sözlər var ki, onları cəmiyyət içində, ictimai yerdə söyləyəndə, ya eşidəndə narahatlıq keçiririk. Sanki utancverici bir iş görmüşük. Məsələn, çalmaq, qayırmaq, dombalmaq və s. 

Çalmaq sözü bir neçə mənada işlədilir: ifa etmək, oğurlamaq (daha çox Türkiyə türkcəsində), vurmaq və ilanın sancması. Məhəllə xarakterli insanlar isə seksdə mövcud olan bir pozisyona bu adı veriblər. Onu da nəfəsli alətlərin ifa tərzindən götürüblər. Öz sözümüzə intim çalar yükləyib leksikondan xaric edərkən, ərəb kökənli ifa sözünü onun yerinə qoyuruq ki, sözümüz tərbiyəsiz məna verməsin. 

Qayırmaq sözü isə düzəltmək mənasında işlənən tər-təmiz türk kökənli sözdür. Türkiyə türkcəsində bu söz (kayırmak) yoluna qoymaq, birinə dəstək olmaq anlamındadır. Hər halda, bu sözün heç bir xoşagəlməz anlamı yoxdur. 

Dombalmaq da həmçinin. Ümumiyyətlə, bu hərəkət insana aid edilmir. Dombala bilən şeylər şar, top, təkər və s. ola bilər. Bir də göbələk torpağın altından dombalır, daha doğrusu torpağı dombaldır. Hətta dombalan adlı göbələk də var. Əsil mənaları arxa plana atıldığı üçün bu sözləri rahatlıqla işlədə bilmirik. 

Elə sözlər də var ki, mənası elə də dəyişməyib, çox incə mənalı sözlərdir, amma biz onları söyləməkdən yenə də utanırıq. Məsələn: sevişmək, öpüşmək və s. Sevişmək sözü 40-50 il bundan əvvələ qədər sevgili olmaq, birlikdə gəzib-dolaşmaq anlamında işlədilirdi. Fiziki təmas ola da bilərdi, olmaya da bilərdi. Amma əsasən uzaqdan, necə deyək, ruhsal təmas üstünlük təşkil edirdi. İndi isə bu söz yalnız və yalnız qızla oğlanın göbəkdən yuxarı fiziki təması mənasında işlədilir. Göbəkdən aşağı olan isə, ümumiyyətlə, ölkə qulağına qoyulası söz deyil. O da ayrıca bir məsələdir. Tutaq ki, biz niyə tibbdə və digər aidiyyəti sahələrdə kişinin cins orqanına penis deyirik, amma öz dilimizdəki həmin sözü işlətməyi tərbiyəsizlik sayırıq?! Niyə biz öz sözümüzə qarşı belə barışmaz mövqe tutmuşuq?! Avropalının sözünün bizim sözdən üstünlüyü nədir?! Bizi biz eləyən məhz bu orqanlardır, bunun sayəsində artıb-törəyirik, bunun sayəsində sevişirik, xoşbəxt oluruq. Deyək, yaraşıqlı oğlansan, hər şeyin yüksək səviyyədədir, bircə penisin işə yaramır. Onda hansı qız səni sevər?! Nəyinə görə sevər?! Qara qaşına, qara gözünə görə?! Sevəcək, buralarda ol. 

Deməyim o deyil ki, bu sözlər ümumişlək olsun. Halbuki bu tipli yazılara və ya ekranlarda gördüyü açıq-saçıq səhnələrə qarşı mühafizəkar mövqe tutan qaragüruhçuların əksəriyyəti hər gün küçədə birinə əsəbiləşib öz orqanını onun üzərində sınaqdan keçirmək yönündə ifadələr işlədir, var-yoxundan tutmuş, soy-kökünə qədər söyüb-batırır. Yəni sağ olsunlar, öz sözümüzü gündəmdən düşürmürlər. Amma bunu söyüş söyərkən yox, biologiya, fiziologiya, eləcə də anatomiya sahələrində işlədə bilərik. Təsəvvür edin, izahlı sözlüyümüzdə cinsi orqanların adı yoxdur. Heç başqa dillərdə işlənən sözlər də yoxdur. Başa düşmürəm, bu söz heç bir yerə yazılmayacaqsa, onda hardan gəlib çıxıb bizim dilimizə?! Belə çıxır ki, dilimizdə deyilən, amma yazılmayan sözlər mövcuddur. Bəzi səslər kimi. 

Öpüşməyə gəlincə... Bu söz mənim fikrimcə, anoloji intim münasibətə verilmiş ən uyğun addır. Bu sözü söyləyərkən dodaqların aldığı vəziyyət bu işi icra edərkən alınan vəziyyətlə üst-üstə düşür. Bu sözdən qaçmaq lazım deyil. Dilmizin ən zərif sözlərindən biridir. Sözün kökü "öp" feilidir. Fonetik təhlili isə belədir: 
ö - dodaqlanan, açıq və incə sait (təhlildəki estetikaya baxın) 
p - cingiltili samit, qarşılığı "b".

Öpüş sözü feildən düzələn isimdir. Öpüşmək sözündə isə feildən düzələn isim məsdər şəkilçisi ilə (maq, mək) yenidən feil olub, qarşılıq-birgəlik növə aid edilir. Bu qədər sadə! Yəni deməyim odur ki, bu söz səsli və yazılı şəkildə göstərilə bilən, hər kəs tərəfindən rahatlıqla işlədilə bilən bir sözdür. 

Rahatlıq sözünü yanlış anlamayaq, lütfən. Deməyim o deyil ki, hər yerdə rahatlıqla öpüşmək olar. Mən şəxsən bunun əleyhinəyəm. İctimai yerdə öpüşəndə gərək başqalarını nəzərə alasan. Birinin, tutaq ki, canı çəkdi, ürəyi istədi, əlində də sevgili yoxdu, neyləsin? O da məcbur qalıb portağal yeyəcək. 

Fikrimcə, əsil mədəniyyət odur ki, hamının bildiyi bir şeyin adını başqa dillərdən alınmış sözlərlə, terminlərlə söyləməyəsən, öz dilindəki sözləri yerinə qaytarasan. Çünki bir xalqın ən böyük mədəniyyət hadisəsi onun dilidir və dildə var olan sözlər mütləq işlədilməlidir. Bununla da bəzi sözlərin üzərindəki qarayaxmanı, qadağanı aradan qaldırmış olarıq. Sözlərə münasibəti dəyişmək lazımdır. Görürsən, hər şey dəyişir, bir vaxtlar qəbulolunmaz məsələlər indi adi hal alıb. Dəyişək ki, inkişaf edə bilək.

Pərviz Axundov