Dünya 13:20 05.12.2019

Puşkov Polşa prezidentinin jestini mənasız adlandırdı

Polşa Prezidenti Andje Dudanın Rusiyanın NATO-ya düşmən olmadığı ilə bağlı dediyi sözlər elə də əhəmiyyət daşımır.

Qaynarinfo xəbər verir ki, bu sözləri rusiyalı senator Aleksey Puşkov öz Tvitter səhifəsində yazıb.

Puşkovun sözlərinə görə, Duda sadəcə Tramp və Makron ilə nifaq salmamağa çalışıb. Ancaq dövlət xadiminin vurğuladığı sözlər hələ siyasət deyil.

Puşkov Varşavanın Rusiyaya qarşı təzyiq və sanksiya siyasətindən imtina etmək niyyətində olmadığını da qeyd edib:
"Rusiyanı düşmən elan etmirlər, amma özlərini düşmən kimi aparırlar".

Qeyd edək ki, dekabrın 4-də Londonda keçirilən NATO sammitindən sonra təşkil olunan mətbuat konfransında Duda Rusiyanın Şimali Atlantika Alyansının düşməni olmadığını deyib.

Həmin gün ondan bir qədər əvvəl NATO sammitinin yekununda Rusiyanın "təcavüzkar hərəkətləri"ni, habelə beynəlxalq terrorizmi təşkilatın təhlükəsizliyinə əsas təhdid adlandırıblar.

Oktyabrın 1-də Duda Rusiyanı "imperiya siyasətinə" son qoymağa və ABŞ ilə əlaqələri gücləndirməyə çağırıb. Polyak jurnalisti Petr Panaşçuk isə Varşavanın Moskvaya qarşı mübarizə üçün ABŞ-ın "bazasına" çevrildiyini yazıb.