Hüseynbala Səlimov
Siyasət 12:29 19.06.2018

Putin nədə yanıldı?..

Hüseynbala Səlimov

İnsanların əksəriyyəti ölkədə və ya uzağı yaşadıqları regiondakı proseslərə diqqətli olurlar, qlobal müstəvidə baş verən siyasi olaylar onları bir o qədər də ilgiləndirmir.

Amma hamımız Yer adlı eyni bir planetdə yaşayırıq və xüsusən də nəzərə alanda ki, dediyimiz planetdə bir neçə əsas geosiyasi vektor var, onda gərək razılaşasan ki, onların hətta uzaq regiondakı çabaları belə son nəticədə yenə gəlib bizim ətrafımızdakı proseslərə də təsir edir.     

Son günlərdə ABŞ və Şimali Koreya arasındakı münasibətlər də bu qəbildəndir. Yox, narahat olmayın, Uzaq Şərq hadisələri kimi sərgilənən bu olaya xüsusi diqqət çəkib qiymətli vaxtınızı almaq fikrimiz yoxdur. Bir, uzağı iki detalı saf-çürük etməyə çalışacağıq.

Əvvəl onu deyək ki, hətta ABŞ-ın özündə Tramla Inının görüşünə birmənalı münasibət olmadı: kimi elə bizim kimi buyurdu ki, əşi, bütün bunlar oyundur, kimi də iddia etdi ki, bu proseslərdən qazanan yalnız və yalnız Koreya diktatoru oldu.

Amma bir məsələdə təxmini yekdillik var: hətta opponentlər də qəbul edir ki, Tramp hər halda, Şimali Koreyanı Rusiyanın burnunun ucundan çəkib qopara bildi...

Maraqlıdır ki, proses ərəfəsində Rusiya prezidenti demişdi ki, koreyalılar ot yeməyə razı olar, amma raketlərinə və nüvə silahına "yox” deməzlər. 
Amma yox, belə olmadı, Putin yanıldı və təxminləri düz çıxmadı; koreyalılar nəinki ot yemək istəmədilər, hətta əyani şəkildə göstərdilər ki, onların Moskvanın tövsiyyə və məsləhətlərinə qəti ehtiyacları yoxdur və bu ölkə üçün də ABŞ, Çin və Cənubi Koreya kimi varlı-karlılarla münasibətlər daha önəmlidir.

Düzdür, proses hələki necə deyərlər, "bişmə mərhələsi”ndədir və axıradək məlum deyil ki, yekun nəticə nə olacaq, çünki tərəflər hələ də biri-birinə şübhə və tərəddüdlə yanaşmaqda davam edirlər. 

Hətta bu günlərdə məlumumuz oldu ki, ABŞ Koreyaya düz 47 tələbdən ibarət şərt irəli sürübdür ki, yalnız onlar yerinə yetirilməyə başlayandan sonra sanksiyaların götürülməsindən söhbət gedə bilər...

Amma bir daha deyirik ki, qiymətləndirmələr çox fərqli və rəngarəng olsa da, ümumi ton optimist təsiri bağışlayır. Hər halda, baxaq, görək, nə alınır...
Doğrusu, elə bizim özümüzü də Şimali Koreya məsələsi daha çox qlobal güclərin çəkişməsi baxımından düşündürür. 

Güman edirik, bu məsələdə ABŞ-ın üstün mövqeyə çıxması onu əsas gücünü digər bir həlledici aktyora - Kremlə tərəf yönəltməyə imkan verər.
Amma hər dəfə "ABŞ-ın Rusiyaya yönəlik siyasəti” deyəndə çox gərəkdir ki, iki fərqli xətti yada salasan: birisi "ABŞ-ın dövlət və siyasət maşını”nın diqtə etdiyi xətdir, digəri isə Trampın özəl sayıqlamalarıdı...

Bəli, ölkə içində D.Tramp adətən başqa şey deyir və edir: Rusiyaya qarşı sanksiyaları artırır, "Ukraynaya dəstək verməliyik” – söyləyir.

Amma kənarda, xüsusən də Avropadakı toplantılarda tamam başqa mahnılar oxuyur; Rusiyanı "böyük yeddiliy”ə qaytarmaqdan, Krımın da Rusiyaya məxsus olmasından dəm vurur...

Elə bu günlərdə də çox axmaq bir fikir dedi: "Krımda hamı rusca danışır, ona görə də bu ərazi Rusiyanındır!”. Doğrusu, bundan axmaq və cəfəng fikir eşitməmişdik. Bu məntiqlə ABŞ da gərək, İngiltərənin olsun, çünki burada da hamı tamam–kamal ingiliscə danışır! Görünür, bu "fikir” amerikalıların özlərinə də o qədər axmaq görünüb ki, onlar bir neçə gün keçməsinə baxmayaraq hələ də buna kommentariya verməyib.

Qərəz, biz gözləyirik ki, ABŞ-ın əli-qolu açılsın ki, o, Rusiyaya qarşı daha tədbirli ola bilsin, əvəzində D.Trampın V.Putinə qarşı "anlaşılmaz simpatiya”sının şahidi oluruq!

Amma düşünəndə burada da problem yoxdur; sadəcə, bizi öz səhvlərimiz, gümanlarımız məyus edir. Məsələ bundadır ki, özümüz ABŞ üçün qlobal bir missiya uydurmuşuq və hər şeyə də bu prizmadan baxmağa çalışırıq. Əslindəsə ABŞ-ın öz prizması var və bu ölkə də hər şeyə öz prizmasından baxır. Hətta güman ki, birinci soyuq savaş zamanı da əsas motiv SSRİ-nin müstəmləkələrini azad etmək yox, qeyri səbəb idi: ABŞ özünü xilas etməyi düşünürdü...

İndi də belədir. Ona görə də təəssüflənməyə və təəccüblənməyə heç bir əsas yoxdur; unutmayaq ki, dünyada heç nə elə-belə, özü-özünə olmur, hətta toyuqlar da elə-belə yumurtlamır, yem istəyir.

Elə V.Putin kimilərin yanılmasının bir səbəbi də budur ki, onlar insanların mədədən və qarından savayı, qeyri-maddi motivasiyalarının da olduğunu düşünürlər. Di gəl, hətta Kim Çen In da anlayıb ki, heç də belə deyil, lap elə onların hamısının böyük müəllimi İosif Vissarionoviç Stalin demişkən: Əvvəl gödəniyyət, sonra mədəniyyət və mənəviyyat...