Putin şeyxi təltif etdi, Ərdoğan məktub göndərdi

Putin şeyxi təltif etdi, Ərdoğan məktub göndərdi

Rusiya Prezidenti Vladimir Putin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi münasibəti ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəni ölkəsinin Fərqlənmə Nişanı ilə təltif edib.

Qaynarinfo xəbər verir ki, Dünya liderlərinin II Bakı Sammitində iştirak edən Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov Rusiyanın ali dövlət mükafatını Allahşükür Paşazadəyə təqdim edib.

Bildirilib ki, A. Paşazadə tolerantlıq və dözümlülüyün artırılması, habelə dini və mədəni sahədə xalqlar arasında etimad mühitinin yaradılması üçün göstərdiyi səylərə görə təltif olunub.

V. Putin Allahşükür Paşazadəyə təbrik məktubu da ünvanlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Dünya liderlərinin II Bakı Sammitinin iştirakçılarına və Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadəyə məktub ünvanlayıb.

Məktubu Dünya liderlərinin II Bakı Sammitində iştirak edən Türkiyənin Diyanət İşləri başqanı Ali Erbaş səsləndirib.

Türkiyə Prezidenti sammitin dünyada dinlər və millətlərarası dialoqa mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

"Hörmətli Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə. 

Anadan olmağınızın 70, Şeyxülislamlıq fəaliyyətinizin 40 illik yubileyi münasibəti ilə sizi təbrik edirəm. Fəaliyyətə başladığınız andan bu günə qədər bölgənin bütövlüyünə dəstək vermisiniz. Sizin dinlərarası dialoqun genişlənməsində çox böyük əməyiniz var. Uzun illər boyu belə önəmli və məsuliyyəti böyük olan vəzifənin öhdəsindən bacarıqla gəldiyiniz üçün sizi təbrik edirəm.

Allahdan sizə can sağlığı, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətində iştirak edən əməkdaşlarınıza uğur və müvəffəqiyyət diləyirəm. Sizin timsalınızda azərbaycanlı qardaşlarıma sülh və sevinc arzulayıram”, - deyə məktubda qeyd olunub.
XƏBƏRLƏR
BLOGLAR