Foto 15:15 22.04.2018

Putin və Trampın bütün təhlükəsizlik sınaqlarından keçən avtomobilləri (FOTOLAR)

Rusiya prezidenti Vladimir Putinin yeni limuzini bütün təhlükəsizlik sınaqlarından keçib.

Qaynarinfo xəbər verir ki, o, yeni "oyuncağı"na Trampdan öncə sahib olacaq.
 
"Limuzin savaşları"nı Putin qazandı

Uzun müddətdir medianın gündəmini "Limuzin savaşları" başlığı ilə zəbt edən iki avtomobilin Rusiya qanadının təmsilçisi "Cortege/Kortezh" layihəsi tamamlanmaq üzrədir.

Rusiyanın ticarət və sənaye naziri Denis Manturov "İzvestiya" qəzetinə veridiyi açıqlamasına görə, Putinin yeni vəzifə maşını toqquşma sınaqlarından da uğurla keçib. Avtomobilin içərisi dəri, ağac və metaldan hazırlanacaq. 4 nəfərlik arxa kabinası olan avtomobilin çöl hissəsi isə 1989 model "ZİL" ilə Rolls Roycenin qarışıq versiyasına bənzəyir.

 
Trampın "Canavar"ı

ABŞ prezidenti Donald Tramp isə çoxdandır vəzifə başına keçməsinə baxmayaraq hələ də öz avtomobilinə qovuşa bilməyib. Onun "The Beast" (Canavar) adı verilən vəzifə avtomobilinin yay aylarında hazır olacağı gözlənilir.

"The Beast" adlı limuzin ABŞ-ın avtomobil nəhəngi General Motors tərəfindən 3 illik çalışmalardan sonra istehsal olunub. Dəyəri 1,5 milyon dollar olan avtomobildə hər şey var.
 
8 ton ağırlığında olan avtomobilin qapıları 20 santimetr, gövdəsi isə 15 santimetr qalınlığında zirehlə örtülüb. Qapıları həmçinin "Boeing 757"də olduğu kimi təhlükə anında kilitlənir və çöldən müdaxiləyə icazə vermir.

Beşqatlı gülləkeçirməz şüşələr isə zirehdeşici mərmilərdən belə qorunmağa imkan yaradır. Zirehli təkərlərə sahib olan avtomobil bütün vəziyyətlərdə hərəkətini davam etdirir.

Kimyəvi hücum zamanı "The Beast"da qorunmaq üçün oksigen sistemi mövcuddur. 

6,6 litr V8 motora sahib avtomobil saatda 100 kilometr sürətlə hərəkət edə bilir. Bununla yanaşı yanacaq çəni də zirehlidir və avtomobil dizel yanacağı ilə çalışır.

Ön tərəfdə gecə görüş sistemi, GPS izləməsi və gözyaşardıcı qaz var və mina partlayışna qarşı avtomobilin altı da zirehlə örtülüb.

Arxa kabinada, yəni prezidentin oturduğu yerdə onun birbaşa Pentaqonla, ya da prezident köməkçisi ilə danışması üçün peyk rabitəsi var.

Belə ki, bombalı hücum olduğu təqdirdə Tramp həmin avtomobildən sağ çıxa biləcək. Hərbi və kimyəvi hücumlarda belə prezidenti təhlükəsiz şəkildə apara biləcək olan avtomobil dünyanın ən təhlükəsiz maşınlarından biri hesab edilir.

"General Motors" bu avtomobildən 12 ədəd istehsal edərək, dünyanın müxtəlif yerlərinə göndərəcək. Yəni, Tramp Britaniyaya səfər edərkən "oyuncağı"nı da özü ilə aparmaq məcburiyyətində qalmayacaq.

Qeyd edək ki, Barak Obama da prezident olduğu dövrdə oxşar avtomobildən istifadə etmişdi.
 
Çingiz Səfərli