Sənət 19:11 03.10.2017

Qadağan olunmuş filmlər Azərbaycanda?

Kino sənayesi yarandığı gündən bəri geniş tamaşaçı kütləsi üçün nəzərdə tutulmuş filmlər - seksual, dini, siyasi, ya da sosial səbəblərdən senzuraya və qadağalara məruz qalıb. 

"Qaynarinfo" cebhe.info-ya istinadən xəbər verir ki, bu qadağalar və senzura hələ səssiz kinonun zamanlarından bu günə qədər tədbiq olunub və olunur da...

Kino tarixində cəmi neçə filmin qadağaya məruz qaldığını dəqiq demək mümkün deyil. Belə ki, bu filmlərə qoyulan qadağa onu bəzən bütün dünyada, bəzən bir və ya bir neçə ölkədə, bəzən bəzi ştatlarda nümayişinə qadağa qoyur, bəzən müəllifləri filmin bir və ya bir çox kadrlarını doğramağa məcbur edir və sairə...

Yeri gəkmişkən, bu gün Amerika Bədii Filmlər Assosiasiyasının Qiymətləndirmə və Kodlaşdırma Administrasiyası ekran əsərlərini senzuraya məruz qoymur, kadrların kəsilib-çıxarılmasını tələb etmir. Çünki onlar filmlərə xüsusi şifrələr verirlər. Auditoriya filmin şifrəsinə baxaraq, ekran əsərinin mahiyyəti haqda təsəvvür əldə edə bilər. Məsələn, “G” şifrəsi hər yaşda olan tamaşaçılar üçün nəzərdə tutulmuş filmlərdir. “PG” şifrəsini almış filmə baxmaq üçün uşaqlar valideynlərinin razılığını almalıdırlar. Belə ki, bəzi kadrlar uşaq auditoriyası üçün ifrat açıq və ya sərt ola bilər. “PG-13” kodlu filmə yaşı 13-dən aşağı olan uşaqlar baxa bilməzlər. “R” kodu o deməkdir ki, əgər 17 yaşı tamam olmamış yeniyetmə bu filmə baxmaq istəyirsə, mütləq kinoteatra valideynləri ilə birlikdə gəlməlidir. “NC-17” kodu ümumiyyətlə bu filmə 17 yaşına çatmamış yeniyetmələrin baxmağına qadağa qoyur. Və nəhayət, “X” kodu filmin reklamından tutmuş, kinoteatrlarda, efirdə nümayişinə qədər hər şeyə qadağa qoyur...

Maraqlıdır, görəsən, Azərbaycanda durum necədir? Telekanallarda və kinoteatrlarda nümayiş olunan filmlərə hansı məhdudiyyətlər qoyulmalıdır? Ümumiyyətlə, belə məhdudiyyətlər olmalıdırmı? 

Filmlərin nümayişi zamanı qazanc daha vacib olmalıdır, yoxsa əxlaqi normaların qorunması?

Mövzu ilə əlaqədar suallarımızı Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov cavablandırır:

“Azərbaycanda filmlərin dövlət reyesteri var. Olur ki, dövlət reyesteri əsasnaməsinə əməl etməyən kinoteatrlar filmləri özbaşına olaraq kateqoriyalara bölürlər. Əslində isə filmin hansı yaş kateqoriyasına aid olunması müəyyən edilməlidir. Bunu müvafiq qurum həll etməlidir ki, hansı yaş kateqoriyalı tamaşaçı üçün nəzərdə tutulub. Nəticədə qadağan olunmuş mövzu və filmlər heç bir manieəsiz yayımlanır. Pornoqrafiyanı, zorakılğı təbliğ edən, dini, irqi dözümsüzlüyə çağırışları olan, qanuni hakimiyyəti devirməyə çağırışları səslənən  filmlər qeydə alına bilməz. Bir məqam da var ki, distribyutorlar bəri başdan hansı film qadağan oluna, ya da narazılığa səbəb ola biləcəyini təxmin edirlər. Ona görə də belə filmləri birmənalı şəkildə Azərbaycana gətirmirlər”. 

Qaynarinfo.Az