Qadın masonlar 100 ildən artıqdır ki, fəaliyyət göstərirlər. Eynilə kişi masonlar kimi onların da xüsusi mərasimləri və ritualları var.

"Qaynarinfo"nun məlumatına görə, BBC daha öncə heç kimin girə bilmədiyi qadın mason cəmiyyətinin bəzi sirlərini açmağı bacarıb.

Masonluq nədir?

Dialazaza Nkela masonluğun alleqoriyalarla gizlədilmiş və simvollarla şəkilləndirilən xüsusi bir əxlaq sistemi olduğunu deyir.

İlkin mərhələdə masonluğa qəbul edilmə mərasimi gerçəkləşdirilir. Bu zaman boyuna kəmər keçirilir, sağ qol, sinənin üst hissəsi və diz açılır. Bunların hər birinin xüsusi mənası olsa da, masonluqda bu, gizli saxlanılır.
 
İkinci mərhələdə seçilən şəxs cəmiyyətə qəbul edilir və onun cəmiyyət daxilində yüksəlişi alqışlanır.
 
Üçüncü mərhələdə isə "ölüm və yenidən doğuluşu" özündə əks etdirir. Bu, bir həyatın bitib, yeni bir həyatın başlanması mənasına gəlir. Bunun da mənası tam şəkildə açıqlanmır.

Böyük Britaniyada kişi masonların 300 illik tarixi olsa da, çox insan qadın masonların varlığından xəbərsizdir. Kişi masonların lideri şahzadə Eduard olub. Qadın mason lojası isə XX əsrin əvvəllərində yaranıb. Bu gün qadın masonların Antik Masonluq Birliyi və Qadın Masonlar Cəmiyyəti adlı iki təşkilatı var. Qadın Masonlar Cəmiyyəti adətən ölkə daxilindəki loja və məbədlərdə mərasim keçirirlər. Mərasimdə qadın masonlar ağ əba geyinir və boyunlarına rütbələrini göstərən xüsusi boyunbağı və nişanlar asırlar.

Mərasim salonun mərkəzindəki koridordan keçərək başlayır. Təşkilat üzvləri bir-birlərinə əyilərək salam verir və rəhbər Zuzanka Penn taxta bənzəyən kreslosuna əyləşir. Ayin sırasında dualar da oxunur və bu şəkildə də təşkilatın dini qrup olduğuna inam yaradılır. Lakin təşkilat rəhbəri vəziyyətin belə olmadığını vurğulayır:

"Mason olmaq üçün uca bir varlığa inanmağınız kifayətdir. Bu hər şey ola bilər. Təşkilatımızın bəzi üzvləri çox dindardırlar, bəziləri isə dini ikinci planda tuturlar. Demək olar ki, qadın masonlar arasında bütün din və irqlərdən nümayəndələr var".

Qadınlardan çoxunun 50 və daha artıq yaşı var. Bu səbəbdən də təşkilat daha gənc qadınları, universitet tələbələrini masonluğa cəlb etməyi hədəfləyir.

Mərasim sırasında göz həkimi Roşni Patelin ustad mason səviyyəsinə qəbul edilməsi üçün xüsusi ayin yerinə yetirilir. Mərasimin izlənilməsinə icazə verilməsə də, sonradan onun xüsusi taxta əyləşdirildiyi məlum olur. 

O, mərasimin çox təsirli keçdiyini və hörmət bəslədiyi yoldaşlarının da onun yanında olduğu üçün özünü xoşbəxt hiss etdiyini söyləyir.

Masonluğun qarşısındakı ən böyük əngəllərdən biri üzvlərin korrupsiyada ittiham olunarkən bir-birlərini dəstəklədikləri, həmçinin karyera pillələrini qeyri-qanuni yollarla sürətlə çıxmaları ilə bağlı yayılan ittihamlardır.

Penn 40 ildir masonluq cəmiyyətinin üzvü olduğunu və belə bir şeyin heç zaman baş vermədiyini bildirib.

1997-ci ildə Böyük Britaniyanın daxili işlər naziri Cek Strau mason polisləri və hakimləri öz təşkilatlarının adını açıqlamağa dəvət edib, lakin bu təklif masonların məhkəmədə iddia qaldırma təhdidindən sonra ləğv edilib.

Antiq Masonluq Birliyinin yüksək rütbəli üzvlərindən olan Kristin Çapman mason üzvləri arasında polislərin də olduğunu, lakin onların heç birinin korrupsiyaya bulaşmadıqlarını qeyd edib. Bütün bunlara baxmayaraq, mason polis və hakimlər hələ də bu tip iddialarla ittiham edilirlər. Masonluq qaydalarına əsasən üzvlər bir-birlərini qorumalı və qanun çərçivəsində öz sirlərini gizli saxlamalıdırlar. Bu səbəbdən də korrupsiyaya bulaşmış şəxslərin olması ehtimal edilir.

Çapman masonluqda gizliliyinin əsas məqsədinin insanlarda maraq oyandırmaq olduğunu və bunun arxasında heç bir şeytani planların olmadığını vurğulayıb:
 
"İnternettə masonluqla bağlı yayılan məlumatlara görə, masonluğun məqsədi dünyanı ələ keçirmək və hökumətləri devirməkdir. Bu, tamamilə yanlışdır. Masonluğu sirrli edən xüsusiyyətlərdən biri də üzvlərin salamlaşma formalarıdır ki, bizim də özümüzə məxsus salamlaşma qaydamız var, lakin bunu öyrənmək üçün aramıza qatılmalısınız".

Qeyd edək ki, Böyük Britaniyada 4700 qadın mason və 200 minə yaxın isə kişi mason var. Bir insanın tam şəkildə mason olması üçün 3 mərhələni də keçməsi lazımdır ki, üçüncü mərhələ də ciddi şəkildə sorğu-sual edilir. Məşhur şəslər sırasında da masonlar olub: ingilis siyasi və dövlət xadimi, keçmiş baş nazir Uinston Çörçil, yazıçı Artur Konan Doyl, ədəbiyyat üzrə Nobel mükafatçısı Redyard Kiplinq, şair Robert Berns, yazıçı Oskar Uayld və s.
 
Çingiz Səfərli
Qaynarinfo.Az