Ölkə 16:11 29.04.2013

QAN QOXUSU


Elnaz Eyvazlı



Məktəbdən gəlib televizoru açdım. “Xəbərlər”in vaxtı idi. Elə bildim artıq xarici xəbərlərə keçiblər. Bu qarışıq reportaj məni çaşdırdı. Məkan qan içində, insanlar qaçır, meyidləri daşıyır, ağlaşır...

Yox, bura Bakıdır, bu qanlı olay şəhərin mərkəzi küçələrindən birində, ali məktəb binasında baş vermişdi. Yavaş-yavaş nəsə aydın olmağa başlayır, deyəsən. Bura ADNA-nın binası idi. Əllərim əsə-əsə Neft Akademiyasında təhsil alan keçmiş şagirdlərimin ailəsi ilə əlaqə saxlamağa çalışdım. Hamı çaşqınlıq içində, nə baş verdiyini anlamadığını deyirdi. Bütün xəbər proqramları bu gözlənilməz və qara xəbərə köklənmişdi. Yaralıların və ölənlərin durmadan artdığı deyilirdi. İnsanlar şokda idi.

Günortadan sonra isə bütün televiziya kanalları ölənlərin sayını yavaş-yavaş azaltdı. Və bu ağılagəlməz faciənin cəmi 12 qurbanı olduğu deyildi, bir də qatil – 13. Ancaq Türkiyə telekanallarının xəbər proqramları və hadisəyə şahid olan tələbələr ölənlərin sayının daha çox olduğunu deyirdi.

Bilmirəm, bəlkə də, belə lazım idi, bəlkə də, yox...

Bilirsən, desəm, qınayarsan məni, amma o faciədə ölənlərə yandığım qədər, sonda özünü vurmuş o caniyə də yazığım gəldi. Günahsız gənclər güllənin qurbanı oldular, ancaq o, kimin qurbanı oldu, heç bilinmədi. Ailəsindən, kəndindən-obasından alınan müsahibələr bu düşüncələrimə əsas verirdi. Bütün üstü açılmamış və ya ala-yarımçıq qalan cinayət işləri kimi, bu faciənin də əsl səbəbkarı müəmmalı qaldı. Niyə, nə üçün, nədən ötrü və niyə məhz Neft Akademiyası?

Amma olan oldu daha. Dəqiq sayını bilmirəm, neçə evdə neçə ananın ürəyi yandı, neçə gəncin səsi vaxtsız kəslidi, arzusu ürəyində qaldı. Ali məktəbə qəbul olmaq, tələbə adını qazanmaq, Vətəninə layiqli kadr kimi xeyir vermək üçün hansı xəyallar qurub, nə əziyyətlər çəkmişdilər...

Faciədən 4 il keçir. O gündən bu günə çox hadisələr oldu, daha neçə evin qapısını əsgər tabutları döydü, adına “gündəm” dediyimiz nələr-nələr yaşandı. Ancaq o qanlı terrorun acısını günhasız və səbəbsiz yerə qətlə yetirilən insanların ailəsi, əzizləri ömür boyu çəkəcəklər.

Zaman bizi faciələrimizin, məğlubiyyətlərimizin ildönümlərini qeyd etməyə alışdırdı. Artıq insan ölümü də səhərin açılıb gecənin düşməsi qədər adi oldu. Hər gün insan ölür, ya cismani, ya da mənən. Öldürmək üçün silaha ehtiyac yoxdur, hər gün ətrafımızda onlarla, yüzlərlə ölüb-dirilən insan var: qan tökülmədən. Baxmayarq ki, hələ də Neft Akademiyasının faciə baş verən binasının yanından keçəndə burnuma qan qoxusu gəlir. Mənəvi ölümün faciəyə çevrilmədiyi bir cəmiyyətdə bu qanlı faciələr adiləşəcək və kim deyə bilər ki, davam etməyəcək.