Vüsal Bağırlı
Amerika 20-ci əsrin əvvəlləri
Amerika kapitalizminin böhranı baş verir. "Böyük depressiya” pul kütləsinin kəskin çatışmazlığı, borcların artması və digər iqtisadi çətinliklər və problemlərlə yadda qalır. Monopoliyaların iqtisadi prossesləri ləngitməsi, aclığın kütləni öz məkrli caynağına keçirməsi, dəhşətli işsizlik, dilənçilik fonunda mafiyalar tərəqqi edir, cinayətkarlıq çiçəklənir. Alkoqolun istehsalına və daşınmasına məhdudiyyətlər qoyan "Quru qanun” adlı milli qanun qüvvəyə minir. Kontrabanda və qeyri-leqal istehsalla məşğul olan amerika mafiyası dövlətə meydan oxuyan güclü qüvvəyə çevirilir.
Nyu-Yorkda, Los Ancelesdə, Çikaqoda qan-qan deyən qanqsterlər, irland, italyan və yəhudi klanlar arasında müharibə, savaş tüğyan edir. Küçə atışmalarında yüzlərlə dinc, günahsız sakin "çarpaz güllə"nin hədəfinə tuş gəlir. Butleger dəstələri, kriminal qruplar Amerikanın ölüm kabusuna çevirilirlər.
Al Kaponenin, Karlo Qambininin, "sısqa” Merlinonun, "Xoşbəxt” Lüçanonun, "Çapıqlı” Mikkinin kolt, karabin və vinçesterlərlə, dinamitlərlə silahlanmış mənfur bandaları həm bir-birlərini, həm də atışmaların məzlum, günahsız qurbanına çevirilən dinc insanları öldürür, qətlə yetirir, amansızlıqla məhv edirlər.
Mafiya sıralarına qəbul edilən, onun sprut caynağına keçənlərə ilk olaraq bu sual verilir: Sən bilirsənmi bu işlə məşğul olanların əksəriyyəti heç qırx yaşına çata bilmir?
***
Bakı, 21-ci əsrin əvvəlləri
"Traffik canavarı” hər il yüzlərlə can alır. Yolllarda, küçələrdə, şosse və sürət trasslarında baş verən nəqliyyat qəzaları insanların həyatına amansızlıqla son qoyur. İnformasiya saytlarında yol-nəqliyat qəzaları haqqında gedən gündəlik statistik məlumatlar artıq adi qarşılanır və həyəcan doğurmur.
Qəzalar, avtomobillərin piyadaları vurması, toqquşmalar, sərt döngədən burulan yuxulu sürücünün idarə etdiyi maşının dərəyə aşması kimi dəhşətli hadisələr yalnız traffikin bol olduğu, tıxacların əsəb gərginliynə çevirildiyi paytaxtın küçə və prospektlərində deyil, rayon, kənd yollarında da baş verir.
Yol-hərəkət qaydalarından xəbərsiz, ibtidai savada malik olmayan, mindirəcəyi sərnişindən ötrü didişən taksi, avtobus və digər sərnişindaşıma nəqliyyatı sürücüləri əlinə "Tompson pulemyotu” almış qanqsteri xatırladırlar.
Yollarda şütüyən, ötüşən, öz sürətinin hədd-hüdudunu bilməyən brend markaların, "sport car”ların -"Porsche”, "Gelandewagen”, "Maserati”, "Bugatti”lərin günahı üzündən insanlar səkilərdə, şosse kənarlarında, asfaltın üzərində can verir, həyatlarını itirirlər.
Piyada keçidləri, yolüstü körpülər, asfalta çəkilən zebr-cizgilər və işıfıqforlar, çoxsaylı qadağa, məhdudiyyət nişanları belə onları xilas etmək gücündə deyil.
Bu qəzaların ucbatından, gəzintiyə, yollara, küçələrə çıxan vətəndaşlarımızın əksəriyyəti qırx yaşına belə yetişə bilmir.
Şərhlər