Ölkə 17:07 28.08.2013

Qara və Bozlar şəhərində - KÖŞƏ

Mövlanə Cəmaləddin Rumi bu gün Bakıda yaşasaydı, yəqin ki, o məhşur kəlamın bu cür ifadə edərdi: "Neçə insan gördüm yaşamaları üçün şəhər yox, neçə şəhər gördüm içində insan yox". 

Bir gün Bakı küçələrində gəzmək azərbaycanlının həyat tərzin görmək üçün kifayətdir. Elə bil insanlar hamısı eynidir. Eyni cür gəzir, eynicür danışır, eyni cür davranır və ən nəhayət eyni cür geyinirlər. 

Rəngarəng geyinmiş bir insan kütlənin içində o saat seçilir. Görəsən, niyə bizim qızlar diqqəti çəkmək üçün bu üsulu deyil, açıq saçıq geyinməyi daha üstün tuturlar? 

Ya onların ağlına bu gəlmir ya da sevimli rəngləri olan qara və bozdan hələ də əl çəkmək istəmirlər. Məni düşündürən bizimkilərin bu rənglərə qarşı olan boyük marağıdı. Hərdən fikirləşirəm ki, ruslar bizimkilərə digər qafqazlılar və orta asiyalılar kimi qara dərili və qara işlərdə işlədiyinə görə yox, məhz həmişə qara rəngdə geyindiyi üçün "qara" deyirlər. İnsanın geyimi onun daxili aləmindən xəbər verən amillərdəndir deyir psixoloqlar. 

İş orasındadır ki, bizdə xoşbəxtlər də, bədbəxtlər də qara və boz rəngdə geyinir. Bəlkə, bu həvəs onların içində olan dərd çəkmək istəyindən irəli gəlir. Bəli, səhv oxumadınız, dərd çəkmək istəyi. Dostoyevskinin "Cinayət və Cəza" əsərində günahı üstünə götürən günahsız insanın bu hərəkətinin səbəbini müstəntiq Şərqdəki bəzi təlimlərdə olan dərd çəkmək, özünə əzab vermək istəyi düşüncəsiylə əlaqələndirir. 

Hərdən küçədə "çılğın" gənclik dövrü yaşadığını düşünən cavanlara rast gəlirik. Bu "çılğınlıq" isə kiməsə ilişməkdən, söz atmaqdan, küçədə möhkəm səslə danışmaqdan, uyğun olmayan yerə zibil atmaqdan, ətrafdakılara sayqısızlıq etməkdən ibarətdir. 

Dərd orasındadır ki, elə həmin bu "çılğınlar"ında geyimləri ya qara ya da boz rəngdədir. Amerika imperializminə, yəhudi massonluğuna qarşı İranda keçirilən mitinq dağılandan sonra yerdə qalan "Coca-cola" şüşələri kimi. Qoy qara və bozlar inciməsin məndən, mən sadəcə düşündüklərimi yazıram. 

Ümidvaram ki, bu yazını oxuyan hər kəs məni düşündürən bu reallıq haqqında heç olmasa bir dəfə də olsun düşünəcək. Elə mən də mentalitetimizə sadiq qalaraq qara və boz rəngli düşüncələrlə ayrılıram sizlərdən.

Xətai  Azad

Qaynar.info